Tacikistan AQEM-in Gənclər Şurasının imkanlarının genişləndirilməsini təklif edib
- 15 oktyabr, 2026
- 12:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Tacikistan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Gənclər Şurasının imkanlarının genişləndirilməsini təklif edib.
"Report"un məlumatına görə, bunu Tacikistan Prezidenti Emoməli Rahmon Bakıda keçirilən AQEM VII Zirvə Görüşündə bəyan edib.
"Gənclər AQEM-ə üzv dövlətlərin əhalisinin əhəmiyyətli hissəsini təşkil edir və gələcəkdə inteqrasiya proseslərinin davam etdirilməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi, etimad və qarşılıqlı anlaşma mühitinin qorunması məhz onların üzərinə düşür. Bununla əlaqədar olaraq, AQEM-in Gənclər Şurasının imkanlarının genişləndirilməsini təklif edirik", - E.Rahmon bildirib.
Onun sözlərinə görə, Gənclər Şurasının üzv dövlətlərin gəncləri arasında dialoq, təcrübə mübadiləsi və birgə təşəbbüslərin hazırlanması üçün daimi platformaya çevrilməsi vacibdir.
E.Rahmon vurğulayıb ki, Bakı sammitinin gündəliyinə daxil edilən məsələlər son nəticədə vahid ümumi məqsədə – ölkələrin təhlükəsiz və sabit inkişafının təmin edilməsinə yönəlib: "Əminik ki, siyasi iradə və birgə səylər sayəsində AQEM-i dialoq və əməkdaşlıq, Asiya dövlətləri arasında etimad və həmrəyliyin möhkəmləndirilməsi üçün səmərəli platformaya çevirə biləcəyik".
O əlavə edib ki, Tacikistan Asiya dövlətləri və xalqları arasında dostluq, etimad və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinin mühüm vasitəsi kimi mədəniyyət, turizm, gənclər siyasəti və idman sahələrində çoxtərəfli əməkdaşlığın genişləndirilməsini daim dəstəkləyir.