Sadiq Qurbanov: "İqlim dəyişmələrinin əsas hərəkətverici qüvvələrindən biri insan fəaliyyətidir"
- 07 sentyabr, 2026
- 11:06
Yeniliklərdən dərhal xəbərdar olun!
İqlim dəyişmələrinin əsas hərəkətverici qüvvələrindən biri insan fəaliyyətidir.
"Report" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"da bildirib.
Onun sözlərinə görə, su ehtiyatlarının azalması, meşə yanğınlarının genişlənməsi, şəhərlərdə istilik yükünün artması, daşqınlar, sürüşmələrin intensivləşməsi, dağ buzlaqlarının əriməsi planetdə gedən proseslərin bir-biri ilə əlaqəli olduğunu göstərir: "Bu hadisələrin hər birinin ayrıca təbii səbəbi ola bilər. Lakin onları qlobal miqyasda, uzunmüddətli dinamika daxilində nəzərdən keçirdikdə daha mühüm mənzərə ortaya çıxır. Yer kürəsinin iqlim sistemi dəyişir və bu dəyişmədə insan fəaliyyətinin yaratdığı antropogen təsirlər mühüm rol oynayır.
Himalay dağlarında, Nepalda, Çin sərhədində baş verən hadisə elə buna əyani sübutdur. Bu mənzərəni ayrı-ayrı təbii fəlakətlərin statistikası kimi qəbul etmək mümkün deyil. Burada məsələni biz tam açıq söyləməliyik. İqlim dəyişmələrinin əsas hərəkətverici qüvvələrindən biri insan fəaliyyətidir. Enerji istehsalı, sənaye, nəqliyyat, meşələrin məhv edilməsi, torpaqlardan istifadədə baş verən dəyişikliklər – ümumiyyətlə, bütün bunlar planetin istilik balansını dəyişir".
Deputat deyib ki, bu təsirlərin içərisində müharibələrin yaratdığı ekoloji yükü də xüsusi qeyd etmək lazımdır: "Müharibə yalnız insan həyatını, şəhərlərin infrastrukturunu dağıdıb pozmur, eyni zamanda atmosferdə əlavə emissiyalar yaradır. Müharibələr nəticəsində sıradan çıxarılan ekosistemləri bərpa etmək onilliklər, bəzən daha çox zaman alır. Beləliklə, silahlı münaqişələr yalnız iqlim böhranını dərinləşdirən deyil, eyni zamanda iqlim risklərinə qarşı dözümlülüyü zəiflədən amillərdən biri kimi qiymətləndirilməlidir".
"İnsan artıq təbiətin proseslərinin yalnız müşahidəçisi kimi çıxış etmir. O, planetin fiziki və ekoloji sistemlərinə geniş miqyasda təsir göstərən amillərin birinci yerində durur. Meşələri qırırıq, çayların məcrasını dəyişirik, nəhəng su anbarları tikirik. Bunun dediklərimizə əks olan misallardan biri və bu gün artıq alimlərin təsdiq etdiyi versiyalardan biri Çinin Yantszı çayı üzərindəki Üç dərə layihəsidir. Belə ki, təbiətə müdaxilənin miqyasını bu misalda biz daha yaxından görə bilərik. Yer kürəsində həmin ərazidə yaranan, çox böyük bir su hövzəsinin Yer kürəsinin öz oxu ətrafında fırlanmasına cüzi də olsa təsir etdiyi və sutkanın uzunluğunu 0,06 mikrosaniyə artırdığı artıq təsdiq olunub. Bu, artıq böyük bəşəriyyətin qarşısında duran məsələlərdən xəbər verir, yəni insanın antropogen təsirinin təbiətə təzyiqinin bir göstəricisidir", - deyə o əlavə edib.
S.Qurbanovun sözlərinə görə, bu nümunələr bir həqiqəti ortaya çıxarır: "Təbiətə edilən hər böyük müdaxilə öz nəticələrini yaradır və həmin nəticələr bəzən ilkin hesablamalarda nəzərdə tutulduğundan daha mürəkkəb olur. Ona görə də iqlim siyasətinin əsas sualı yalnız təbiəti necə qorumaqdan ibarət ola bilməz. Əsas sual insan inkişafı ilə təbiətin tarazlığı arasında uzlaşmanı necə təmin etməliyik? Mən hesab edirəm ki, XXI əsrin əsas mühüm siyasətlərindən və mənəvi məsuliyyətlərindən biri məhz bu tarazlığın yaradılmasıdır. Azərbaycan bu məsuliyyəti dərk edib və öz fəaliyyəti ilə onu dəstəkləyib. Belə ki, biz Azərbaycanda, Bakıda COP29, WUF13 keçirdik və bu gün də Azərbaycan qlobal iqlim dəyişmələrinin mərkəzindədir. Eyni zamanda düşünürəm ki, bu, qardaş Türkiyədə keçiriləcək COP31-də müzakirə olunacaq mövzuların da aktivləşməsinə kömək edir".