Məcnun Məmmədov: "Əsas məqsəd fermerlərin daha gəlirli sahələrə yönləndirilməsidir"

ASK
  • 20 noyabr, 2025
  • 21:35
Məcnun Məmmədov: Əsas məqsəd fermerlərin daha gəlirli sahələrə yönləndirilməsidir

Əsas məqsəd ölkədə əkin strukturunu optimallaşdıraraq azərbaycanlı fermerlərin daha yüksək gəlir gətirən sahələrə yönləndirilməsinə nail olmaqdır.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Baku TV"yə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, dünyada baş verən iqlim dəyişiklikləri və onların mənfi təsirləri fonunda aqrar sahədə müşahidə olunan inkişaf böyük nailiyyətdir:

"Lakin mən kənd təsərrüfatında baş verən dəyişiklikləri, xüsusilə də müsbət meyilləri bir neçə qrupa bölmək istərdim. İlk nailiyyətimiz infrastrukturla bağlıdır. Hazırda ölkədə kənd təsərrüfatına xidmət edən infrastrukturun yenilənməsi, su kanallarının inşası geniş vüsət alır".

M. Məmmədov qeyd edib ki, Azərbaycanın kənd təsərrüfatı strukturunda tarixən bir xüsusiyyət olub - ən az əlavə dəyər yaradan bitkilərin əkini üstünlük təşkil edib:

"Hazırkı strategiyamızda fermerlərin daha yüksək əlavə dəyər yaradan bitkilərin əkilməsinə təşviq olunması əsas prioritetdir və bu, artıq əkin strukturunda öz əksini tapır. Ən az dəyər yaradan bitkilər – taxıl, yem və texniki bitkilər – bizimlə eyni və ya daha kiçik əkin sahəsinə malik ölkələrdə cəmi 50-60 % təşkil edir. Azərbaycanda isə bu göstərici uzun illər 90 %-dən çox olub. Hazırda həmin rəqəm 86-87 %-ə qədər azalıb".

Nazir əlavə edib ki, hədəf fermerləri daha gəlirli sahələrə yönləndirməklə onların gəlir səviyyəsini artırmaqdır:

"Əkin strukturunda başlayan dəyişiklik və dinamiklik özü-özlüyündə mühüm nailiyyətdir".

Məcnun Məmmədov: "Əsas məqsəd fermerlərin daha gəlirli sahələrə yönləndirilməsidir"

Son xəbərlər

Bütün Xəbər Lenti