"Zəngəzur dəhlizi ətrafındakı ərazilər Azərbaycana qaytarılır" - Qərbi Azərbaycan Xronikası
- 21 noyabr, 2025
- 00:49
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
"Report" xəbər verir ki, "Bu ərazilər qaytarılır: Ermənistan iki hissəyə bölünəcək" adlı süjetdə Ermənistanda anklavların qaytarılması məsələsinin yenidən gündəmə gəlməsindən bəhs olunur.
Bildirilir ki, söhbət Qazağın 3 anklav kəndindən – Sofulu, Bərxudarlı və Yuxarı Əskipara, həmçinin, Sədərəyin Kərki kəndindən gedir. Hazırda əsas gözlənti Kərki kəndinin yaxın aylarda qaytarılacağı ilə bağlıdır və Zəngəzur dəhlizinin açılması bu zərurəti yaradıb.
Baş nazir Nikol Paşinyan Zəngəzur dəhlizinin Ermənistan ərazisinə düşən hissəsində tikinti işlərinin gələn ildən başlanacağını bəyan edib və deyib ki, ilin sonuna qədər hüquqi məsələlər yekunlaşdırılacaq. Ermənistanda sərhədin demarkasiyası üzrə komissiyanın sədri Mher Qriqoryan isə bildirib ki, TRIPP layihəsinə görə Sünikdə (Zəngəzur) qeyri-adi demarkasiya prosesi həyata keçirilə bilər.
Qeyd olunur ki, dəhlizin Ermənistan hissəsinin tikintisinə cəlb olunacaq xarici investisiyaların təhlükəsizliyi təmin edilməli, dəhlizdən beynəlxalq daşımalar təhlükəsiz şəraitdə həyata keçirilməlidir. Delimitasiya nəticəsində SSRİ dövründə ermənilərə bağışlanan ərazilər - Naxçıvanın 657 kvadratkilometr ərazisi, Nüvədi kəndi və bir sıra yaşayış məntəqələri, eləcə də Kərki anklavı qaytarıla bilər.
Ehtiyatda olan polkovnik Hayk Nahapetyan, ekspert Şiraz Xaçatryan və deputat Ovik Ağazaryanın sözlərinə görə, demarkasiya prosesində Kərki (Tiqranaşen) kəndinin qaytarılması gündəmdədir:
"Kərkinin qaytarılması Ermənistanı praktiki olaraq iki hissəyə böləcək. Tavuş və Naxçıvan istiqamətində anklavların - Qazaxın üç anklav kəndi və Kərki kəndi - qaytarılmasının aktuallaşması həm hərbi, həm siyasi, həm də iqtisadi risklər yaradacaq. Rəsmi İrəvan həm də Başkənddən imtina etməlidir".
Sonda vurğulanır ki, erməniləri narahat edən əsas məsələlərdən biri məhz soydaşlarımızın öz doğma yurdlarına qayıdışıdır: "Çünki Qərbi Azərbaycana qayıdış Bakı-İrəvan xəttində baş verən proseslərin növbəti mərhələsi olacaq".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin" fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır