"Axios": ABŞ Ukraynanı əmin edib ki, onun mövqeləri nəzərə alınaraq plana əlavə olunacaq
- 20 noyabr, 2025
- 23:40
ABŞ Prezidenti Donald Trampın administrasiyası Kiyevə və avropalılara aydın şəkildə bildirib ki, Rusiya və Ukrayna arasındakı müharibənin başa çatdırılması üçün yeni sülh planı "real vaxtda" işlənib hazırlanır.
"Report" xəbər verir ki, bunu "Axios" portalı amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenski və onun nümayəndə heyəti ilə aparılan danışıqlar zamanı amerikalılar Kiyevin, eləcə də onun Avropa müttəfiqlərinin mövqelərinin nəzərə alınacağına dair təminat veriblər.
Ukrayna Prezident Ofisi bildirib ki, Volodimir Zelenski ABŞ tərəfindən münaqişənin sülh yolu ilə həllinə dair planı alıb.
Daha əvvəl Qərb KİV ABŞ-də hazırlanmış, Rusiya-Ukrayna müharibəsinin başa çatdırılmasına dair 28 maddədən ibarət plan haqqında məlumat vermişdi. Bir sıra mənbələrə görə, həmin plan Ukraynanın hazırda Silahlı Qüvvələrinin nəzarətində olan Donbasın bir hissəsindən imtina etməsini, Kiyevə hərbi yardımın azaldılmasını və rus dilinin dövlət dili kimi tanınmasını nəzərdə tutur.