Anar Əliyev: Əlillik altsistemində süni intellekt əsaslı məsləhət mexanizmi hazırlanır
- 24 oktyabr, 2025
- 10:36
Əlillik altsistemində süni intellekt əsaslı məsləhət mexanizmi hazırlanır.
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "SOCGOV 2025: Süni zəka insan və transformasiya üçün" adlı beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, bu mexanizm nəticəsində həm qərarvermə prosesi sürətlənəcək, həm də obyektivlik və şəffaflıq səviyyəsi daha da artacaq:
"Azərbaycanda "2025-2028-ci illəri əhatə edən Süni İntellekt Strategiyası" təsdiq edilib. Süni intellekt imkanlarının tətbiqi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə fəaliyyətimizi nazirliyin strategiyası çərçivəsində hazırlanmış üçillik "Yol xəritəsi"nə uyğun şəkildə həyata keçiririk".
Nazir bildirib ki, süni intellekt həllərinin həmçinin məşğulluq sahəsində fərdi məşğulluq proqramları, reabilitasiya sahəsində isə fərdi reabilitasiya və abilitasiya proqramlarının hazırlanmasında tətbiqi nəzərdə tutulur.