Azərbaycan səfiri Tacikistan parlamentinin Nümayəndələr Palatasının sədri ilə görüşüb

Xarici siyasət
  • 24 oktyabr, 2025
  • 21:30
Azərbaycan səfiri Tacikistan parlamentinin Nümayəndələr Palatasının sədri ilə görüşüb

Bu gün Tacikistan Respublikası Ali Məclisinin nümayəndələr palatasının sədri Fayzali İdizoda Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Əskərov ilə görüşüb.

Bu barədə "Report" Tacikistan Ali Məclisi Milli Məclisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, 1992-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlər qurulandan indiyədək əlaqələr xeyli irəliləyib. Qeyd olunub ki, Tacikistan-Azərbaycan münasibətləri adi münasibətlərdən strateji tərəfdaşlığa çevrilib.

Fayzali İdizoda vurğulayıb ki, ölkələrimiz arasında münasibətlər dövlətlərarası, hökumətlərarası, idarələrarası xarakterli demək olar ki, 94 beynəlxalq müqaviləyə əsaslanır ki, bu da öz növbəsində tərəflərin diplomatik səylərinin səmərəliliyini təmin edir.

"Əsas sənədlərin, xüsusilə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun 2024-cü il mayın 23-də Azərbaycana dövlət səfəri zamanı imzalanmış və iki ölkə arasında uzunmüddətli münasibətlərin inkişafına əlavə təkan verən Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin rolu və əhəmiyyəti xüsusi qeyd edilməlidir.

Biz regional əməkdaşlığın, xüsusən də beynəlxalq təşkilatlar çərçivəsində genişlənməsini, dərinləşməsini və möhkəmlənməsini dəstəkləyirik. Bu baxımdan BMT, Parlamentlərarası İttifaq, ATƏT, MDB, TRASEKA, İƏT və digər beynəlxalq və regional təşkilatlar çərçivəsində əlaqələrimizin səmərəliliyinin artırılması istiqamətində vahid mövqedən çıxış etməyi vacib hesab edirik.

Ölkələrimizin parlamentariləri xüsusilə qanunvericilik aktlarının qəbulu və beynəlxalq müqavilələrin ratifikasiyası yolu ilə iqtisadi, ticarət, humanitar, mədəni və digər sahələrdə əlaqələrin inkişafına töhfə verə bilərlər".

Son xəbərlər

Bütün Xəbər Lenti