Ankarada Azərbaycanın iqtisadi imkanları barədə türkiyəli investorlara məlumat verilib
- 24 oktyabr, 2025
- 22:08
Türkiyənin Ankara şəhərində paytaxt bölgəsinin aparıcı şirkətlərinin nümayəndələri və sahibkarları ilə Azərbaycandakı investisiya imkanları müzakirə edilib.
"Report"un yerli bürosu xəbər verir ki, görüş Azərbaycanın Türkiyədəki Səfirliyi, bu ölkədəki Ticarət Nümayəndəliyimiz, Türkiyə Palatalar və Birjalar Birliyinin və Türk Ticarət və Sənaye Palataları Birliyinin rəhbərliyi tərəfindən təşkil olunub.
Azərbaycan iqtisadiyyatının potensialı və imkanları haqqında videonun təqdimatından sonra birliyin sədri Rifat Hisarcıkoğlu tədbir iştirakçılarına iki ölkə arasında əməkdaşlığın əhəmiyyətindən danışıb. Rifat Hisarcıkoğlu Azərbaycanın Türkiyəyə investisiyalarının 17 milyard dollara çatdığını və qarşılıqlı ticarətin ildə 15 milyard dollarlıq hədəfə yaxınlaşdığını qeyd edib.
Onun sözlərinə görə, iki qardaş ölkə arasında əməkdaşlıq Türkmənistan qazının tranziti də daxil olmaqla yeni layihələrin həyata keçirilməsi üçün də fürsət yaradır.
Daha sonra çıxış edən Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov iki qardaş ölkə arasında iqtisadi əlaqələrin möhkəm təməlinə diqqət çəkib. Onun sözlərinə görə, türk sahibkarları artıq Azərbaycanın investisiya mühitindən tam şəkildə yararlana bilərlər.
O, Azərbaycana investisiya yatıran xarici sahibkarlara əhəmiyyətli güzəştlərin tətbiq edildiyini, hökumətin sənaye parkları və azad iqtisadi zonalar vasitəsilə investor fəaliyyətini təşviq etdiyini və stimullaşdırdığını vurğulayıb.
"Ölkə iqtisadiyyatına investisiya cəlb etmək üçün Azərbaycan hökuməti açıq qapı siyasəti yürüdür, iqtisadi islahatların davam etdirilməsinə, biznes mühitinin daha da yaxşılaşdırılmasına və qeyri-neft sektorunun inkişafına yönəlmiş tədbirlər həyata keçirir". Səfir Türkiyə şirkətlərini ölkəmizə daha fəal investisiya qoymağa çağırıb.
Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev sahibkarlar qarşısında çıxış edərək işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında investorlar üçün yaradılan imkanlardan danışıb: "Türkiyə şirkətləri hazırda Azərbaycanın işğaldan azad edilmiş rayonlarının bərpasında və müxtəlif dövlət tenderlərində fəal iştirak edirlər".
Daha sonra Azərbaycan rəsmiləri qardaş ölkədəki investorların suallarını cavablandırıblar. Tədbirdə xüsusilə Azərbaycanda işğaldan azad edilmiş ərazilərdə investisiya imkanları və dövlətin dəstək mexanizmləri barədə məlumatlar verilib.