Gürcüstanla Rumıniya Qara dəniz üzərindən sualtı elektrik kabeli üzrə əməkdaşlıq memorandumu imzalayıb

Energetika
  • 24 oktyabr, 2025
  • 21:36
Gürcüstanla Rumıniya Qara dəniz üzərindən sualtı elektrik kabeli üzrə əməkdaşlıq memorandumu imzalayıb

Gürcüstan və Rumıniyanın enerji tənzimləmə qurumları Qara dəniz üzərindən sualtı elektrik kabelinin çəkilməsi layihəsi çərçivəsində əməkdaşlıq memorandumu imzalayıblar.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Enerji və Su Təchizatı Komissiyasının (GNERC) rəhbəri David Narmania məlumat verib.

Onun sözlərinə görə, memorandum layihə çərçivəsində komissiyalar arasında birgə tənzimləmə və koordinasiyanı təmin etməyi nəzərdə tutur: "Təxminən bir ay əvvəl rumıniyalı həmkarımla bu məsələ ilə bağlı görüş keçirdik və əməkdaşlıq memorandumu imzaladıq. Məqsəd layihənin həyata keçirilməsində tənzimləyici səviyyədə sıx əməkdaşlıqdır".

O, layihəni "böyük gələcəyi olan, kifayət qədər həyat qabiliyyətli" təşəbbüs kimi qiymətləndirib. Narmaniyanın sözlərinə görə, layihənin texniki-iqtisadi əsaslandırması artıq tamamlanıb, hazırda isə Qara dəniz şelfinin ətraflı tədqiqi aparılır.

Xatırladaq ki, təxminən 1200 kilometr uzunluğunda olacaq kabel xəttinin çəkilməsi haqqında saziş 2022-ci il 17 dekabrda Buxarestdə Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya liderləri tərəfindən imzalanıb. Layihə çərçivəsində elektrik enerjisinin ötürülməsi və rəqəmsal məlumat mübadiləsi nəzərdə tutulur.

Son xəbərlər

Bütün Xəbər Lenti