Venesuela Kolumbiyaya xilasedicilər və humanitar yardım göndərir

Digər ölkələr
  • 11 avqust, 2026
  • 05:52
Venesuela Kolumbiyaya xilasedicilər və humanitar yardım göndərir

Venesuela güclü zəlzələdən sonra Kolumbiyaya xilasedici briqadası və humanitar yardım göndərir.

"Report" "Venezolana de Televisión"a istinadən xəbər verir ki, bu barədə Venesuela Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqes bildirib.

Onun sözlərinə görə, "Simon Bolivar" briqadası xilasetmə işlərində iştirak etmək və dağıntılar altında qalan insanlara kömək göstərmək üçün Kolumbiyaya göndərilib. Venesuelanın sərhədyanı ştatları da öz xilasetmə bölmələrini göndərməyə hazır olduqlarını bildirib.

Rodriqes həlak olanların ailələrinə başsağlığı verib və Kolumbiya xalqına dəstəyini ifadə edib.

Xatırladaq ki, 7,4 maqnitudalı zəlzələ bu gün yerli vaxtla səhər saat 7:34-də Kolumbiyanın qərbində baş verib. Kolumbiya Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların episentri paytaxt Boqotadan təxminən 280 km qərbdə yerləşib. Zəlzələ ölkə ərazisinin böyük hissəsində, o cümlədən Panamada da hiss olunub. Son məlumatlara görə, 132 nəfər həlak olub, daha 570 nəfər isə yaralanıb.