Əfqanıstan Azərbaycana yardım və həmrəyliyə görə minnətdarlığını bildirib

Digər ölkələr
  • 08 sentyabr, 2025
  • 11:47
Əfqanıstan Azərbaycana yardım və həmrəyliyə görə minnətdarlığını bildirib

Əfqanıstan 2 mindən çox insanın ölümünə səbəb olan güclü zəlzələdən sonra yardım və həmrəyliyə görə Azərbaycan da daxil olmaqla beynəlxalq ictimaiyyətə təşəkkür edib.

"Report"un məlumatına görə, ölkənin Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Əfqanıstan ölkələrə, beynəlxalq və humanitar təşkilatlara ölkənin şərqində baş vermiş son zəlzələlərin dağıdıcı nəticələri, o cümlədən çoxsaylı qurbanlar fonunda başsağlığı və yardım üçün minnətdardır", - paylaşımda qeyd olunub.

Əfqanıstanın təşəkkür etdiyi dövlətlər arasında Azərbaycan da var.

Xatırladaq ki, 6 maqnitudalı zəlzələ avqustun 31-də Əfqanıstanın şərqində baş verib. Nəticədə 2,2 mindən çox insan həlak olub, təxminən 4 min nəfər xəsarət alıb.

Sentyabrın 1-də Azərbaycan XİN Əfqanıstana başsağlığı verib.