Hun Manet: Kamboca AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsini dəstəkləyir

Xarici siyasət
  • 15 oktyabr, 2026
  • 13:51
Hun Manet: Kamboca AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsini dəstəkləyir

Kamboca Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) tamhüquqlu beynəlxalq təşkilata çevrilməsini dəstəkləyir.

"Report" xəbər verir ki, bunu Kambocanın Baş naziri Hun Manet Bakıda keçirilən AQEM-in VII Zirvə Görüşündə çıxışı zamanı bildirib.

Baş nazir vurğulayıb ki, Kamboca AQEM-in transformasiyası üzrə "yol xəritəsi"nin irəlilədilməsi və təşkilatın Nizamnaməsi ilə bağlı danışıqlarda daha çox irəliləyişə nail olunması üçün bütün iştirakçı dövlətlərlə əməkdaşlıq edəcək.

"Kamboca AQEM Katibliyinin, onun əməkdaşlarının və nümayəndələrinin imtiyazları və immunitetləri haqqında Konvensiyanın ratifikasiya edildiyini məmnuniyyətlə bildirir. Ratifikasiya sənədi də AQEM Katibliyinə saxlanılmaq üçün təhvil verilib. Kamboca iştirakçı dövlətlər arasında ticarətin inkişafı, təchizat zəncirlərinin dayanıqlığının gücləndirilməsi, enerji təhlükəsizliyinin təmin edilməsi, qarşılıqlı əlaqəliliyin və dayanıqlı inkişafın təşviqi də daxil olmaqla, iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə böyük əhəmiyyət verir", - o bildirib.

Baş nazirin sözlərinə görə, Kamboca turizm, təhsil, rəqəmsal transformasiya və innovasiyalar sahələrində də təşkilata üzv ölkələrlə əməkdaşlığın genişləndirilməsini alqışlayır:

"Təşkilatımızın potensialı daha dinc, dayanıqlı, inklüziv və firavan Asiyanın qurulmasına töhfə verməyə şərait yaradır. Etimadın getdikcə daha kövrək olduğu bir dövrdə AQEM qarşıdurmanı, parçalanmanı və güc tətbiqi təhdidini rədd edərək dialoqu, əməkdaşlığı və dinc qarşılıqlı fəaliyyəti inkişaf etdirmək əzmimizi gücləndirir.

Buna görə də gəlin fikir ayrılıqlarını dialoq yolu ilə aradan qaldırmağa, konkret əməkdaşlıq vasitəsilə qarşılıqlı etimadı möhkəmləndirməyə və dövlətlərarası münasibətlərin ümumi əsası kimi beynəlxalq hüquqa riayət etməyə davam edək".