Ali Radanın deputatı: Humanitar yardımlara görə Azərbaycan Prezidentinə minnətdarıq

Digər ölkələr
  • 13 oktyabr, 2026
  • 17:14
Ali Radanın deputatı: Humanitar yardımlara görə Azərbaycan Prezidentinə minnətdarıq

Ukrayna Azərbaycanın humanitar yardım vasitəsilə dəstəyini hiss edir.

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının hakim "Xalqın xidmətçisi" partiyasından deputatı, Enerji siyasəti komitəsinin üzvü Sergey Naqornyak bildirib.

O qeyd edib ki, Azərbaycandan gələn humanitar yardım, həm generatorlar, həm transformatorlar, həm də kabellər şəklində, çox kömək edir:

"Hazırda enerji sektorunda, Ukraynada qıtlıq var. Biz başa düşürük ki, qışda kifayət qədər çətin vəziyyətlər yarana bilər. Lakin dostlara, o cümlədən Azərbaycan xalqına, Prezident İlham Əliyevə minnətdarıq ki, mütəmadi olaraq Ukraynaya kömək edir. Bütün bunlar indi ölkəmiz üçün lazımdır ki, ukraynalılar növbəti qışı keçirə bilsinlər".

Ali Radanın deputatı vurğulayıb ki, Ukrayna hazırda çətin bir dövrü keçir.

"Yanacaqdoldurma stansiyalarımız vurulur. Zərbələr təkcə cəbhəyanı bölgələrdə deyil, həm də Kiyev şəhərinə endirilir. Kiyevlə Lvov arasındakı, Kiyevlə Xarkov arasındakı, Xarkovla Dnepr arasındakı əsas magistrallarda yanacaqdoldurma məntəqələri hədəfdir. Bu, müəyyən bir çağırışdır, çünki ilk növbədə bu yanacaqdoldurma stansiyaları həm təhlükəsizlik qüvvələrinin, həm tibb müəssisələrinin, həm həkimlərin, həm könüllülərin, həm də mülki əhalinin logistikasını təmin edir".

S. Naqornyak deyib ki, bütün bunlara baxmayaraq, ukraynalılar Azərbaycan kimi dostlar sayəsində ayaqda durur:

"Biz dəstəyə görə minnətdarıq və biz mütləq tab gətirəcəyik. Azərbaycandakı dostlarımıza uğurlar, Azərbaycana inkişaf arzulayırıq. Arzu edirik ki, Azərbaycan torpağı üzərində həmişə sülh olsun".