Laos Azərbaycan limanlarını Cənub-Şərqi Asiya bazarları ilə əlaqələndirməyi təklif edib
- 14 oktyabr, 2026
- 10:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan limanlarının regional nəqliyyat infrastrukturu və Laos-Çin dəmir yolu magistralı vasitəsilə Cənub-Şərqi Asiya ölkələrin bazarları ilə əlaqələndirilməsi iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi, logistika zəncirlərinin təkmilləşdirilməsi və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün yeni perspektivlər yarada bilər.
"Report" xəbər verir ki, bu barədə Laosun sənaye və ticarət nazirinin müavini Manotonq Vonqsay Bakıda keçirilən Azərbaycan-Laos biznes-forumunda bildirib.
Onun sözlərinə görə, Laos dənizə çıxışı olmayan ölkədən regionun bazarlarını birləşdirən və malların, eləcə də insanların yerdəyişməsini sadələşdirən regional əlaqələndirici qovşağa çevrilir.
"Bu baxış regional bağlantı konsepsiyası, o cümlədən Çinin "Bir kəmər, bir yol" təşəbbüsü ilə uzlaşır. Laos-Çin dəmir yolu magistralı bu konsepsiyanın reallaşdırılmasında əhəmiyyətli bir nailiyyətdir. O, paralel olaraq qonşu dövlətlər və regional bazarlarla nəqliyyat əlaqələrini gücləndirərək iki ölkə arasında sərnişin və yük daşımalarında əsas rol oynayır.
Hökumət həmçinin paytaxt Vyentyanı Vyetnam ərazisindəki Vunqanq dəniz limanı ilə birləşdirəcək Laos-Vyetnam dəmir yolu layihəsinin reallaşdırılmasını təsdiqləyib. Vyentyan-Hanoy avtomobil magistral yolu bağlantıların inkişafı sahəsində daha bir əhəmiyyətli layihə kimi çıxış edir. Bu Vunqanq dəniz limanı vasitəsilə iki dövlət arasında münasibətləri möhkəmləndirmək məqsədi daşıyır. Azərbaycanın Bakı limanlarını regional nəqliyyat şəbəkəsi və Laos-Çin dəmir yolu magistralı vasitəsilə Cənub-Şərqi Asiya bazarları ilə əlaqələndirərək, biz ticarətin genişləndirilməsi, logistikanın təkmilləşdirilməsi və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün yeni perspektivlər açmağa qadirik", - nazir müavini vurğulayıb.