Rəhman Hacıyev: "Qarabağda minalardan təmizlənmə ən yüksək templə aparılır"
- 14 oktyabr, 2026
- 10:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Qarabağda minalardan təmizlənmə işləri dünyada ən yüksək templə aparılır.
"Report" xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Bakıda keçirilən 31-ci Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi "Baku Build" və 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində ("Rebuild Karabakh – 2026") bildirib.
"Qarabağ işğaldan azad olunduqndan sonra şahidi olduğumuz vəziyyət bu regionun infrastrukturunun, torpağının və təbiətinin nəinki sıfıra endirilməsi, hətta mən deyərdim ki, bundan da aşağı vəziyyətə salınması idi. Qarabağın bərpası ilk növbədə tikinti və quruculuq işlərindən deyil, bu torpaqların minalardan, həmin ölümcül mirasdan təmizlənməsindən başladı. Bu, əlbəttə ki, dövlətimizin işini xeyli çətinləşdirdi. Amma mənim fikrimcə, bu istiqamətdə görülən işlər digər ölkələr üçün də çox gözəl nümunədir. Belə ki, beynəlxalq ictimaiyyətin, demək olar ki, heç bir dəstəyi olmadan Azərbaycan bərpa və quruculuq işlərini dayandırmaq əvəzinə, öz resursları hesabına torpaqları minalardan təmizləmək və daha sonra quruculuq işlərinə başlamaq qərarı verdi. Azərbaycan bu sahədə həqiqətən də böyük uğurlar qazandı. Hazırda Qarabağda minalardan təmizləmə işləri, statistikanın da göstərdiyi kimi, dünyada, yəqin ki, ən yüksək templə aparılır. Bu, mənim subyektiv fikrim deyil", - deyə o qeyd edib.
Bundan başqa, R.Hacıyev deyib ki, hökumət yeni sahibkarlara dəstək mexanizmləri üzərində işləyir: "Onlar yəgin ki yaxın vaxtlarda təqdim ediləcək. Mexanizm işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara güzəştli maliyyələşmə imkanları yaradacaq. Biz fond olaraq bu istiqamətdə görülən işlərə, Qarabağın investorlar üçün daha cəlbedici olmasına dəstək olmağa çalışacağıq. Hazırda İqtisadiyyat Nazirliyi ilə birlikdə, Fondun Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun rəhbərliyi altında və dövlət başçısının tapşırığı əsasında yeni sahibkarlığa dəstək proqramı üzərində işləyirik. Yəqin ki, yaxın gələcəkdə bu proqram ictimaiyyətə təqdim olunacaq. Qarabağ Dirçəliş Fondu işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlara müəyyən güzəştli maliyyələşmə modelləri təqdim edəcək".