Azərbaycan Laos şirkətlərini investisiya layihələrində iştiraka dəvət edir

Biznes
  • 14 oktyabr, 2026
  • 10:22
Azərbaycan  Laos şirkətlərini investisiya layihələrində iştiraka dəvət edir

Azərbaycan Laos şirkətlərinin ölkəmizdə açılan yeni investisiya imkanlarında fəal iştirakına ümid edir.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov Bakıda keçirilən Azərbaycan-Laos biznes forumunda bildirib.

"Azərbaycan iqtisadiyyatın ən müxtəlif sahələrində beynəlxalq tərəfdaşlarla birlikdə irimiqyaslı investisiya layihələrini uğurla həyata keçirib və əldə edilən nəticə yeni layihələrin işə salınması üçün stimul yaradır. Biz Laos şirkətlərinin bu perspektivli istiqamətlərə cəlb olunmasını alqışlayacağıq", - A. Axundov vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda sabit siyasi vəziyyət və makroiqtisadi sabitlik investorlara uzunmüddətli perspektivdə əminlik zəmanəti verir. Bununla yanaşı, "Fitch" və "Moody's" beynəlxalq reytinq agentlikləri ölkənin suveren kredit reytinqini investisiya səviyyəsinədək yüksəldiblər.

"Ölkəmiz özünü üzərinə götürdüyü öhdəlikləri daim yerinə yetirən etibarlı tərəfdaş kimi təsdiq edib. Azərbaycan insan kapitalının inkişafına vəsait yatırır. Eyni zamanda iqtisadiyyatın rəqəmsal transformasiyası və süni intellekt texnologiyalarının tətbiqi prioritet istiqamətlərdir. Bu üstünlüklər Azərbaycanın iqtisadi potensialı və aydın strateji baxışı ilə birlikdə beynəlxalq investisiya ictimaiyyətinin dövlətimizə artan etimadını izah edir", - nazir müavini vurğulayıb.

44 filmi