Mikayıl Cabbarov: "Dövlət satınalmalarının yerli istehsala yönəldilməsi üzrə iş aparılır"

Biznes
  • 16 noyabr, 2026
  • 12:16
Mikayıl Cabbarov: Dövlət satınalmalarının yerli istehsala yönəldilməsi üzrə iş aparılır

Azərbaycanda dövlət satınalmalarının yerli istehsala yönəldilməsi istiqamətində işlər aparılır.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, dövlət hər il əhəmiyyətli həcmdə mal və xidmət satın alır, bu alışların bir hissəsi idxal hesabına təmin olunur: "Yerli istehsalı mövcud olan və ya yaradıla bilən məhsullar üzrə dövlət satın almalarının yerli istehsala yönəldilməsi mühüm əhəmiyyət kəsb edir. Əczaçılıq və rəqəmsal həllər bu sahəyə əyani misaldır. Bu sahələr üzrə alışlar yerli istehsalçılar üçün sabit bazar formalaşdırmağa başlayıb. Dövlət sifarişlərinin mövcud yerli istehsala yönəldilməsi və perspektivdə iri dövlət satın almalarının müəyyən hissəsinin ölkə daxilində istehsalının lokalizasiyası mexanizmi üzrə işlər gedir".

Bundan başqa, nazir deyib ki, Azərbaycanda ixracyönümlü sənaye sahələrinin inkişafı prioritet olacaq: "Daxili bazarın həcmi nəzərə alınmaqla ixracyönümlü inkişafın sürətləndirilməsi strateji vəzifədir: ​İxrac subsidiyaları və digər dəstək alətləri vasitəsilə artıq fəal təşviq edilir. Yeni resurslara əsaslanan sənaye sahələri (metallurgiya, kimya, əczaçılıq, qida emalı, pambıq emalı və toxuculuq) prioritet təşkil edir. ​Təsadüfi deyil ki, 2026-cı ildə qəbul edilən üç dövlət proqramında da (kənd təsərrüfatı, turizm, dağ-mədən və metallurgiya sahələri) bu istiqamətlərin bir çoxu əhatə edilir".