Azərbaycanda xidmət ixracının genişləndirilməsi imkanları araşdırılır
- 16 noyabr, 2026
- 12:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan xidmətlər ixracını genişləndirmək imkanlarını araşdırır.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, xidmətlər ixracı da böyük potensiala malikdir: "Beynəlxalq təşkilatların hesablamalarına görə, yuxarı orta gəlirli ölkələrlə müqayisədə xidmətlər ixracının ÜDM-ə nisbətinin yüksəlməsi imkanları böyükdür. Əsas xidmət sahələri isə bunlardır: nəqliyyat və logistika, maliyyə xidmətləri, turizm, işgüzar xidmətlər, informasiya texnologiyaları və data mərkəzləri. Xidmətlər ixracının genişləndirilməsi məqsədi ilə beynəlxalq təşkilatlarla birgə diaqnostika aparılır. Bu istiqamət aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən sahə siyasətləri ilə sıx əlaqəlidir".
Nazir qeyd edib ki, Azərbaycan yeni ixrac bazarlarına çıxış üçün ticarət rejimlərini genişləndirməlidir: "Azərbaycan həm qonşu ölkələrlə, həm də çoxsaylı ümumi sərhədimiz olmayan dövlətlərlə strateji tərəfdaşlıq münasibətləri qurub. Həmin dövlətlərlə ticarət-iqtisadi əməkdaşlığımızın möhkəm əsasını neft, qaz və neft məhsulları təşkil edir. Bu məhsulların ixracı bir qayda olaraq sərbəst ticarət rejimini tələb etmir. Lakin gələcək iqtisadi inkişafımız qeyri-neft-qaz məhsullarının ixrac imkanları ilə sıx əlaqədardır. Bu isə öz növbəsində sərbəst və ya güzəştli ticarət rejimlərinin olmasından birbaşa asılıdır. Yaxın illərdə prioritet bazarları müəyyən etməli, həmin ölkələrdə ikitərəfli və ya çoxtərəfli hüquqi rejimi təmin etməliyik. Qarşıya qoyulmuş məqsədlərə nail olunması bir sıra çağırışların həllini də tələb edir".