Azərbaycan TDT çərçivəsində əməkdaşlığın inkişafında etibarlı platformaya çevrilib - RƏY
- 17 sentyabr, 2026
- 18:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Son günlər Bakıda keçirilən tədbirlər bir daha göstərir ki, Azərbaycan Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın inkişafında mühüm və etibarlı platformaya çevrilib.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
O bildirib ki, cəmi bir neçə gün əvvəl TDT-nin müsəlman dini idarə rəhbərlərinin 7-ci toplantısının Bakıda keçirilməsi, bu gün isə üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının paytaxtımızda təşkil olunması diqqətçəkən mühüm məqamdır:
"Burada söhbət yalnız iki fərqli tədbirin Bakıda keçirilməsindən getmir. Bu ardıcıllıq Türk dünyasında əməkdaşlığın həm mənəvi-humanitar, həm də təhlükəsizlik istiqamətində dərinləşdiyini göstərir.
Deputat qeyd edib ki, Azərbaycanın bu prosesdə ev sahibi kimi çıxış etməsi də xüsusi məna daşıyır:
"Çünki Bakı son illərdə müxtəlif siyasi, humanitar və təhlükəsizlik gündəliklərinin müzakirəsi üçün beynəlxalq dialoq məkanı kimi öz mövqeyini möhkəmləndirib. TDT çərçivəsində də bu rol getdikcə daha aydın görünür.
Hesab edirəm ki, burada əsas məqam Azərbaycanın Türk dünyasında yalnız fəal iştirakçı kimi yox, həm də ortaq gündəliyin formalaşdırılmasına töhfə verən, dövlətlər arasında dialoqun inkişafına şərait yaradan etibarlı tərəfdaş kimi çıxış etməsidir".
Fatma Yıldırım qeyd edib ki, bu gün Türk dünyasının qarşısında yeni imkanlarla yanaşı, yeni çağırışlar da var:
"Belə bir mərhələdə siyasi, iqtisadi, humanitar və təhlükəsizlik istiqamətlərində əlaqələrin daha da möhkəmləndirilməsi vacibdir.
Bakının son günlərdə ev sahibliyi etdiyi tədbirlər isə bir daha göstərir ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişaf edən əməkdaşlıq sistemində mühüm bir mərkəz olaraq öz sözünü deyir".