Venesuela səfiri: Mənzil siyasəti sosial ədalət prinsiplərinə əsaslanmalıdır

Xarici siyasət
  • 17 may, 2026
  • 13:58
Venesuela səfiri: Mənzil siyasəti sosial ədalət prinsiplərinə əsaslanmalıdır

Mənzil siyasəti layiqli həyat, sosial ədalət və dövlətlərin suverenliyinə hörmət prinsiplərinə əsaslanmalıdır.

"Report"un məlumatına görə, bunu Venesuelanın Azərbaycandakı səfiri Kristofer Martines Berroteran Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nazirlərin dəyirmi masasında çıxışı zamanı bildirib.

Səfir qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədləri daha ədalətli və inklüziv cəmiyyətlərin qurulması üçün hədəf olaraq qalır.

Onun sözlərinə görə, dayanıqlı inkişaf iqtisadi, sosial və ekoloji prioritetlərin balanslı olmasını, o cümlədən yoxsulluqla mübarizə aparılmasını, enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsini tələb edir.

"Mənzil məsələsi layiqli həyat, öz müqəddəratını təyinetmə, ləyaqət və suverenlik ideallarına əsaslanmalıdır", - o bəyan edib.

Berroteran Yeni Şəhər Gündəliyinin qəbulundan on il sonra ölkələrin şəhər mühitinin transformasiyasında real tərəqqisini qiymətləndirməyin vacibliyini vurğulayıb.

O bildirib ki, Venesuelada 2022-ci ildən etibarən mənzil tikintisinin inkişafına və vətəndaşların idarəetmədə iştirakına yönəlmiş "Gran Misión Vivienda Venezuela" proqramı həyata keçirilir.

"2026-cı ilin aprelinə qədər 5,25 milyondan çox ev tikilib, 2030-cu ilə qədər isə əlavə 3 milyon mənzilin inşası planlaşdırılır", - diplomat qeyd edib.

Onun sözlərinə görə, yalnız mənzil tikintisinə deyil, həm də infrastruktur və ictimai məkanlara malik şəhər mühitinin formalaşdırılmasına diqqət yetirilir.

44 - Tezliklə