Süni intellekt savadlılığı proqramı 7 000-dən çox vətəndaşı əhatə edib
- 21 oktyabr, 2026
- 10:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Süni intellekt savadlılığı proqramı indiyədək 7 000-dən çox vətəndaşı əhatə edib.
"Report" xəbər verir ki, bunu ASAN İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Aysel Cəbrayılova qurumun fəaliyyətinin 5 illiyinə həsr olunmuş hesabat tədbiri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyət göstərdiyi müddət ərzində 35 mindən çox vətəndaşı əhatə edən 150-dən çox mövzuda 850-dən artıq təlim, vorkşop və seminar təşkil olunub:
"Mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri zəngin "ASAN" xidmət təcrübəsi əsasında hazırlanmış yumşaq bacarıqların inkişafı üzrə təlimlərdir. Bu təlimlərə vətəndaş məmnuniyyətində ASAN modeli, emosiyaların və zamanın idarə olunması, ünsiyyət bacarıqları və digər mövzular daxildir".
Direktor həmçinin bildirib ki, son illərdə blokçeyn və süni intellekt savadlılığı üzrə xüsusi proqramların icrasına da başlanılıb:
"Süni intellekt savadlılığı proqramı indiyədək 7 000-dən çox vətəndaşı əhatə edib və 98 faiz vətəndaş məmnuniyyəti ilə davam edir. Blokçeyn istiqamətində iki ildir təlimlər təşkil olunur və bu müddət ərzində mindən çox işgüzar şəxs həmin təlimlərdən faydalanıb".