Səfir: "Avropa investisiyalarının Azərbaycanın strateji sektorlarına cəlb edilməsi üzərində işləyirik"
- 21 oktyabr, 2026
- 10:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqı (Aİ) Nümayəndəliyi və Brüsseldəki Avropa Komissiyası Avropanın özəl investisiyalarının Azərbaycanın strateji sektorlarına cəlb edilməsinə dəstək göstərilməsi üzərində işləyir.
"Report" xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumunda bildirib.
"Biz yaxşı başa düşürük ki, investisiyalar üçün proqnozlaşdırıla bilən şərait və bərabər rəqabət şərtləri Azərbaycana investisiya yatırmaqda maraqlı olan Avropa şirkətləri üçün xüsusi əhəmiyyət kəsb edir", - o qeyd edib.
Səfirin sözlərinə görə, oktyabrın əvvəllərində Avropa Komissiyası Brüsseldə Avropa işgüzar assosiasiyalarının iştirakı ilə təmiz enerji məsələlərinə dair Aİ-Azərbaycan dəyirmi masası təşkil edib: "Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı olaraq qalır, energetika isə əməkdaşlığımızda əvvəlkitək mərkəzi rol oynayır. Azərbaycan, xüsusən də Cənub Qaz Dəhlizi sayəsində Aİ üçün mühüm enerji resursları tədarükçüsüdür".
O qeyd edib ki, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlıq Transxəzər nəqliyyat marşrutunun (Orta Dəhliz) inkişafı da daxil olmaqla, getdikcə daha çox istiqaməti əhatə edir: "Transxəzər dəhlizi Avropa və Asiya arasında ticarət əlaqələrinin möhkəmləndirilməsi, logistikanın və nəqliyyat əlaqəliliyinin inkişafı üçün əhəmiyyətli potensiala malikdir".
Diplomat həmçinin xatırladıb ki, bu il Aİ ilə Azərbaycan arasında əməkdaşlığın 30 illiyi qeyd olunur.
Onun sözlərinə görə, tərəflər ikitərəfli münasibətləri müasirləşdirməyə və qüvvədə olan 1999-cu il Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini əvəz etməyə yönəlmiş yeni hərtərəfli saziş üzrə danışıqları rəsmən bərpa ediblər: "Biz artıq iki konstruktiv danışıqlar raundu keçirmişik - biri Brüsseldə, digəri Bakıda. Bu proses davam edir".