Səfir: Somali və Azərbaycan vətəndaşları viza almaq məcburiyyətində qalmayacaqlar
- 18 oktyabr, 2025
- 17:40

Yaxın bir ildə Somali və Azərbaycan vətəndaşları qarşılıqlı səfər zamanı viza almaq məcburiyyətində qalmayacaqlar.
"Report"un Türkiyə bürosuna Somalinin Azərbaycandakı qeyri-rezident səfiri Fathudin Ali Mohamed (iqamətgahı Ankarada yerləşir - red.) bunu bildirib.
O deyib ki, Azərbaycan və Somali diplomatik pasport sahibləri üçün vizasız rejim tətbiq etmək barədə razılığa gəlib və artıq hər iki ölkədən olan diplomatlar qarşılıqlı səyahət edə bilərlər: "Növbəti belə bir razılaşma bir neçə aydan sonra xidməti pasport sahibləri üçün əldə ediləcək. 2026-cı il ərzində isə ümumi pasport sahibləri də bu yenilikdən faydalana biləcəklər".
Türkiyə ilə Somali arasında enerji müqaviləsinin mövcud olduğunu xatırladan səfir gələn ilin əvvəlində bu iki ölkə arasında aparılan əməkdaşlıqda Azərbaycanın da iştirak edəcəyini qeyd edib: "Azərbaycan Somalidə Türkiyə ilə birlikdə neft qazma işlərində iştirak edəcək".
Təhsil sahəsində də ölkəmizlə əməkdaşlığın davam etdiyini qeyd edən səfir Somali hökuməti vasitəsilə Bakıda 20 somalili tələbənin Azərbaycan dövlət təqaüdü ilə müxtəlif universitetlərdə təhsil aldığını vurğulayıb: "Yaxın gələcəkdə isə Azərbaycan və Somalinin təhsil nazirlikləri arasında imzalanan müqaviləyə görə müəllim və professorlarımız arasında da mübadilə olacaq və qarşılıqlı seminarlar veriləcək".
Qeyd edək ki, oktyabrın 15-16-da Uqandanın paytaxtı Kampala şəhərində Qoşulmama Hərəkatının (QH) 19-cu Nazirlər İclası çərçivəsində keçirilən ikitərəfli görüşlər zamanı Azərbaycan və Uqanda hökumətləri arasında diplomatik və xidməti pasport sahibləri, həmçinin Azərbaycan və Somali hökumətləri arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında sazişlər imzalanıb.