ABŞ Kanadadan olan bir sıra mallara 50 faizlik rüsumları ləğv edib - Yenilənib
- 24 oktyabr, 2026
- 03:12
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Trampın administrasiyası Kanadanın bəzi məhsullarına tətbiq olunan əlavə 50 faizlik rüsumları ləğv edib, eyni zamanda, digər mal kateqoriyalarına analoji məhdudiyyətləri tətbiq edib.
"Report" xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında dərc olunan sənədlərdə bildirilir.
Amerika liderinin qərarına əsasən, gömrük dəyərinin 50 %-i miqdarında əlavə rüsumlar artıq Kanadadan idxal olunan sellüloz-kağız sənayesinin bəzi məhsul növlərinə, onun istehsalı üçün avadanlıqlara, eləcə də fanerə şamil edilməyəcək.
Eyni zamanda, ABŞ administrasiyası əlavə 50 faizlik rüsumlara cəlb edilən malların siyahısını genişləndirib. Bu siyahıya bəzi növ tekstil və kənd təsərrüfatı məhsulları daxil edilib.
ABŞ Prezidenti Donald Tramp administrasiyasının konqresə qarşıdan gələn aralıq seçkilərində Respublikaçılar Partiyasından olan namizədləri dəstəkləmək üçün bəzi Kanada mallarına tətbiq edilən 50 faizlik rüsumları ləğv edəcəyi gözlənilir.
"Report" "The Wall Street Journal"a (WSJ) istinadən xəbər verir ki, bu barədə Ağ Evin planları ilə tanış olan mənbələr bildiriblər.
Nəşrin məlumatına görə, rüsumların ləğvi yenidən seçilməyə çalışan Men ştatından respublikaçı senator Syuzan Kollinzə kömək etmək məqsədi daşıyır.
Tarif siyasətindəki dəyişikliklər artıq oktyabrın 23-də qüvvəyə minə bilər. Onların Kanadadan idxal edilən meşə və kənd təsərrüfatı məhsullarının ayrı-ayrı növlərinə şamil ediləcəyi ehtimal olunur.
WSJ qeyd edib ki, Kollinz əvvəllər onun ştatındakı müəssisələrə və istehlakçılara mənfi təsir göstərən ticarət məhdudiyyətlərinin yumşaldılmasının tərəfdarı olub.
Nəşr vurğulayıb ki, Men ştatının iqtisadiyyatı böyük ölçüdə Kanada ilə ticarətdən asılıdır, buna görə də rüsumların azaldılması yerli biznesə və istehlakçılara dəstək ola bilər.