Şarl Mişel: İkili standartlar beynəlxalq münasibətlər üçün zəhərdir
- 12 mart, 2026
- 13:15
Yeniliklərdən dərhal xəbərdar olun!
İkili standartlar beynəlxalq münasibətlər sistemi üçün zəhərdir.
"Report"un məlumatına görə, bunu Avropa İttifaqı Şurasının sabiq prezidenti Şarl Mişel XIII Qlobal Bakı Forumunda bəyan edib.
"İkili standartlar beynəlxalq hüquq, bütün beynəlxalq sistem üçün zəhərdir", - o deyib.
Onun sözlərinə görə, demokratik prinsiplər bu gün demək olar ki, hər gün hücumlara məruz qalır.
Bununla yanaşı, o qeyd edib ki, beynəlxalq siyasətdə ikili standartlar tətbiq etmək istəyi həm Avropa İttifaqı (Aİ) daxilində, həm də onun hüdudlarından kənarda güclənir.
Bu baxımdan Ş.Mişel hesab edir ki, Aİ alternativ siyasi fəaliyyət strategiyası hazırlamalıdır. O xatırladıb ki, onilliklər ərzində Avropada prinsiplər və dəyərlər haqqında çox danışılıb, lakin indi konkret qərarlara keçməyin vaxtı gəlib çatıb.
Bundan əlavə o, Aİ-nin rəqabətqabiliyyətliliyinin və iqtisadi inkişafının gücləndirilməsi zərurətinə diqqət çəkib. Onun fikrincə, həddindən artıq tənzimləmə və bürokratiya Avropa ölkələrində innovasiyaları ləngidir: "Bu gün aydın olur ki, bu sahədə siyasətə özümüzün nəzarət etməyimiz son dərəcə vacibdir".
Ş.Mişel həmçinin etibarlı beynəlxalq tərəfdaşlıqların qurulmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Avropa İttifaqı təchizat zəncirlərini diversifikasiya etmək, Çin və Rusiyadan asılılığı azaltmaq üçün dünyanın müxtəlif regionları ilə daha fəal əməkdaşlıq etməlidir.