San Dieqoda Azərbaycanın nümayəndə heyətinin şərəfinə xüsusi mərasim keçirilib
- 27 oktyabr, 2016
- 16:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 27 oktyabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində səfərdə olan Azərbaycan nümayəndə heyətinin şərəfinə Şəhər Şurasında xüsusi mərasim keçirilib.
Azərbaycanın Los Ancelesdəki baş konsulluqdan "Report"a verilən məlumata görə, Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümünə, eləcə də Bakı şəhərinin Nəsimi rayonu ilə San Dieqonun Svitzer Haylənd rayonu arasındakı münasibətlərin yaradılmasının 5-ci ildönümünə həsr olunan mərasimdə Azərbaycanın baş konsulu Nəsimi Ağayev, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Azərbaycan Milli Məclisinin üzvü Asim Mollazadə və Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev iştirak ediblər.
Mərasimi açan San Dieqo Şəhər Şurasının sədri Şeri Laytner San Dieqo-Bakı münasibətlərinin önəmindən və Azərbaycan-ABŞ dostluq və tərəfdaşlıq münasibətlərindən danışaraq, Azərbaycan nümayəndə heyətinə Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə əlaqədar bəyannamə təqdim edib. Şəhər Şurasının bütün üzvləri tərəfindən imzalanan bəyannamə ilə 18 oktyabr tarixi San Dieqoda “Azərbaycan Müstəqillik Günü” elan olunub.
Tədbirdə Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı A.Əsgərov çıxış edərək, Azərbaycanın sosial-iqtisadi inkişafı çərçivəsində Bakı şəhərinin son illərdə dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyini bildirib. San Dieqo ilə tərəfdaşlıq münasibətlərinin bundan sonra daha da dərinləşdiriməsinin zəruriliyini vurğulayan A.Əsgərov, bu istiqamətdə qarşıdakı illərdə müvafiq səylərin göstəriləcəyini, iki şəhər arasında müxtəlif sahələrdə mübadilələrin artacağını bildirib.
Sonra çıxış edən N.Ağayev Bakı-San Dieqo münasibətlərinin ötən 5 il ərzində inkişafından, Baş Konsulluq tərəfindən San Dieqoda keçirilən Azərbaycan ilə bağlı müxtəlif tədbirlərdən, o cümlədən 2014-cü ildə “Yeddi Gözəl” baletinin 3 min nəfərdən çox şəhər sakini qarşında ifasından danışıb. Diplomat bilidirib ki, bir sıra oxşarlıqları paylaşan iki şəhər arasında əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar mövcuddur.
Azərbaycan nümayəndə heyəti həmin gün, həmçinin, San Dieqo yəhudi icmasının rəhbərləri, Kaliforniya ştat qanunvericiləri və müharibə veteranları ilə də görüşlər keçiriblər.