Qazaxıstan XİN: Bakı ilə müttəfiqlik Astananın xarici siyasətinin prioritetlərindəndir

Xarici siyasət
  • 28 yanvar, 2026
  • 12:23
Qazaxıstan XİN: Bakı ilə müttəfiqlik Astananın xarici siyasətinin prioritetlərindəndir

Qazaxıstan Xarici İşlər Nazirliyi (XIN) Astana ilə Bakı arasında əməkdaşlığın strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda ardıcıl surətdə inkişafını qeyd edir.

Bu barədə "Report"un Qazaxıstan bürosuna XİN-dən bildirilib.

"Azərbaycanla müttəfiqlik münasibətlərinin inkişafı respublikanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır", - XİN-dən vurğulanıb.

Qeyd olunub ki, iki ölkə arasında intensiv siyasi dialoq, davamlı ticari-iqtisadi əlaqələr qurulub, həmçinin əməkdaşlığın müxtəlif sahələrində qarşılıqlı fəaliyyət intensiv şəkildə inkişaf edir.

"Qazaxıstan və Azərbaycan beynəlxalq təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, İslam Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Xəzər sammiti və digər çoxtərəfli formatlar çərçivəsində əməkdaşlıq edir. İkitərəfli münasibətlərin aktivləşdirilməsinə ali və yüksək səviyyədə həyata keçirilən səfərlər, eləcə də iki dövlətin nazirlikləri və qurumları arasında müntəzəm təmaslar da töhfə verir", - XİN-dən vurğulayıblar.

Xüsusilə, 2025-ci il oktyabrın 6-7-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana işgüzar səfər edib. Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyev 2025-ci il oktyabrın 20-21-də Qazaxıstana dövlət səfəri edib.

Bundan başqa, ötən ilin mart və iyul aylarında Qazaxıstanın Baş naziri Oljas Bektenov Azərbaycanda səfərdə olub, martda isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Astanaya rəsmi səfər edib. Bununla yanaşı, 2025-ci il parlamentlərarası əlaqələrin möhkəmlənməsi ilə yadda qalıb.

"İqtisadi əməkdaşlıq isə ikitərəfli gündəliyin əsas elementidir. Təhsil sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilir - 2025-ci ilin mart ayında Bakıda ilk dəfə Qazaxıstanın 23 ali təhsil müəssisəsinin iştirakı ilə Qazaxıstan Ali Təhsil Günləri keçirilib", - XİN-dən bildirilib.