Azərbaycanda mikromaliyyə sektoru 5 əsas istiqamətdə inkişaf etdiriləcək
- 28 oktyabr, 2026
- 09:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda mikromaliyyə sektorunun inkişafı üzrə 5 əsas istiqamət müəyyən edilib.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin İdarə Heyətinin sədri Cəlal Əliyev qurumun təşkil etdiyi, Bakıda keçirilən 12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf Konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankının mikromaliyyə modeli üzrə strateji çərçivə sənədi hazırlaması və təsdiq etməsi sektorun gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm addımdır.
"Bu çərçivənin həyata keçirilməsində dövlət qurumlarının, bank olmayan kredit təşkilatlarının, investorların və inkişaf tərəfdaşlarının əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Strateji çərçivənin icrası baxımından mühüm hesab etdiyimiz beş istiqaməti qısaca qeyd etmək istərdim. Birinci istiqamət maliyyə inklüzivliyinin artırılması və sahibkarlığın dəstəklənməsidir.İkinci istiqamət məsuliyyətli kreditləşmə və institusional dayanıqlılıqdır. Üçüncü istiqamət uzunmüddətli maliyyə resurslarına və investisiyalara çıxışın təmin edilməsidir. Dördüncü istiqamət təhlükəsiz rəqəmsallaşma və etibarlı məlumat infrastrukturunun yaradılmasıdır. Beşinci istiqamət isə sosial və ekoloji təsirlərin nəzərə alınması və ölçülməsidir. Nəticələri qiymətləndirərkən dəstəklənən bizneslərin inkişafına və müştərilərin maliyyə dayanıqlılığına da diqqət yetirməliyik. Suya qənaəti, alternativ enerji mənbələrindən istifadəni, enerji səmərəliliyini və iqlim dəyişikliklərinə uyğunlaşmanı dəstəkləyən maliyyə məhsulları perspektivli istiqamətlərdir", - deyə C.Əliyev qeyd edib.