AMFA: AMB BOKT-ların fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı işlər görür

Maliyyə
  • 28 oktyabr, 2026
  • 09:54
AMFA: AMB BOKT-ların fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı işlər görür

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyətinin təkmilləşdirilməsi və iş prinsiplərinin korporativ dəyərlərə uyğunlaşdırılması istiqamətində işlər görür.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin İdarə Heyətinin sədri Cəlal Əliyev qurumun təşkil etdiyi, Bakıda keçirilən 12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf Konfransında bildirib.

"Prudensial tənzimləmə qaydalarının, kredit risklərinin idarə edilməsi qaydalarının və digər normativ bazanın təkmilləşdirilməsi qurumun gördüyü tədbirlər sırasına daxildir. Kapital dayanıqlılığının gücləndirilməsi, borcalanların ödəmə qabiliyyətinin düzgün qiymətləndirilməsi, məsuliyyətli kreditləşmənin təşviqi və istehlakçı hüquqlarının qorunması istiqamətində də xeyli iş görülüb. 2025–2026-cı illərdə bu istiqamətdə atılan addımları sektorun inkişafı baxımından yüksək qiymətləndiririk. Məsafədən kreditləşmə zamanı müştəri təhlükəsizliyinin gücləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Maliyyə xidmətlərinin sürəti ilə yanaşı, onların etibarlılığı, şərtlərin aydınlığı və müştərinin məlumatlı qərar verməsi diqqət mərkəzində olmalıdır", - deyə o qeyd edib.