Rəsmi Pekin Azərbaycanla humanitar əməkdaşlığı genişləndirməyə hazırdır

Xarici siyasət
  • 10 iyun, 2025
  • 10:27
Rəsmi Pekin Azərbaycanla humanitar əməkdaşlığı genişləndirməyə hazırdır
Lu Mey

Çin Azərbaycanla humanitar əməkdaşlığı genişləndirməyə hazırdır.

"Report" xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey Beynəlxalq Sivilizasiyalararası Dialoq Gününə həsr olunmuş tədbirdə bildirib.

"Sivilizasiyalar arasında Dialoq üzrə Beynəlxalq Gün dialoq vasitəsilə xalqlar arasında qarşılıqlı anlaşmanı və dostluğu dərinləşdirməyə kömək edir. Biz Çin və Azərbaycan xalqları arasında əlaqələrin möhkəmləndirilməsində yeni bir səhifə aça bilərik", - o bildirib.

Diplomat xatırladıb ki, bu ilin aprelində Çin Sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyev hərtərəfli strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyanat imzalayıblar.

"Bəyanatda vurğulanır ki, Azərbaycan Çinin təklif etdiyi qlobal Sivilizasiya Təşəbbüsünü hərtərəfli dəstəkləyir və Çin tərəfindən irəli sürülmüş " Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü"nün elan edilməsi haqqında qətnaməni yüksək qiymətləndirir. Həmçinin Azərbaycan sivilizasiyaların müxtəlifliyinə hörmət prinsipini birgə müdafiə etməyə, humanitar mübadilə və əməkdaşlığı fəal şəkildə təşviq etməyə hazırdır", - o bildirib.

Lu Mey vurğulayıb ki, Çin Azərbaycanın "Bakı Prosesi" təşəbbüsü çərçivəsində göstərdiyi səyləri, o cümlədən ölkənin mədəniyyətlərarası dialoqun təşviqi üçün təşkil etdiyi beynəlxalq forumları dəstəkləyir: "Bu, hər iki ölkənin bir-birinin təşəbbüslərini dəstəklədiyini göstərir".