İraq XİN rəhbəri: Ölkənin ABŞ və İran müharibəsindən iqtisadi itkiləri 60 milyard dollara çatıb

Digər ölkələr
  • 16 oktyabr, 2026
  • 13:49
İraq XİN rəhbəri: Ölkənin ABŞ və İran müharibəsindən iqtisadi itkiləri 60 milyard dollara çatıb

ABŞ və İran arasındakı hərbi münaqişə nəticəsində İraqın iqtisadi itkiləri təxminən 60 milyard dollar təşkil edib.

"Report" İraqın INA informasiya agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Fuad Hüseyn Romada italiyalı həmkarı Antonio Tayani ilə görüşü zamanı deyib.

"ABŞ və İran arasında davam edən münaqişə əhəmiyyətli iqtisadi itkilərə səbəb olub. Birləşmiş Ştatlar və İran arasındakı son münaqişə nəticəsində İraqa dəyən ziyan təxminən 60 milyard dollar həcmində qiymətləndirilir", - o bildirib.

Nazir həmçinin münaqişənin dünya iqtisadiyyatı üçün mənfi nəticələri barədə də xəbərdarlıq edib.

Onun sözlərinə görə, münaqişənin davam etməsi qlobal enerji böhranını daha da dərinləşdirir və inflyasiyanın artması ilə bağlı narahatlıqları gücləndirir ki, bu da Avropa dövlətləri daxil olmaqla, dünyanın bir çox ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərir.

Görüş zamanı F.Hüseyn həmçinin münaqişələrin həlli istiqamətindəki diplomatik səylərdə Aİ-nin və İtaliya da daxil olmaqla Avropa dövlətlərinin daha fəal iştirakının zəruriliyini vurğulayıb.

Tərəflər həmçinin təhlükəsizlik və müdafiə sahəsində ikitərəfli əməkdaşlığın inkişafını, Rusiya-Ukrayna müharibəsinin Avropa təhlükəsizliyi üçün nəticələrini və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.