Azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətində ən müasir texnikalardan istifadə olunur
- 16 oktyabr, 2026
- 13:56
Yeniliklərdən dərhal xəbərdar olun!
İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən minatəmizləmə fəaliyyətində ən müasir texnikalardan istifadə edilir.
"Report"un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rayona təşkil etdiyi mediatur zamanı bildirilib.
Qeyd olunub ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını intensiv şəkildə davam etdirir.
Bildirilib ki, Vətən müharibəsi başa çatdıqdan sonra ərazilərin minalardan və partlamamış hərbi sursatlardan, o cümlədən müharibənin partlamamış qalıqlarından təmizlənməsi əməliyyatlarında müvafiq qurumlarla yanaşı, FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti də iştirak edir. Əməliyyatlar müəyyən olunmuş istiqamətlər üzrə kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin ətrafında və su kanalları boyunca aparılır. Hazırda Ağdam rayonu ərazisində işlər intensiv şəkildə davam etdirilir.
Məılumat verilib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində minatəmizləmə əməliyyatlarına cəlb olunmuş şəxsi heyət ən müasir texnika və avadanlıqlarla, o cümlədən "GCS-200" markalı məsafədən idarə olunan müasir minatəmizləyən robotlarla təchiz olunub. Əməkdaşlar bu sahə üzrə müvafiq kurslarda iştirak edərək akkreditasiyadan keçiblər. Bundan əlavə, minatəmizləmə əməliyyatlarında xüsusi təlim keçmiş itlərdən də istifadə olunduğu da vurğulanıb.