İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasında münasibətləri yeni mərhələyə yüksəldəcək - RƏY

Xarici siyasət
  • 22 iyul, 2026
  • 13:32
İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasında münasibətləri yeni mərhələyə yüksəldəcək - RƏY

İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə xidmət edən mühüm siyasi hadisədir.

Bu fikri "Report"a Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib.

O qeyd edib ki, Federal Kansler Fridrix Mertsin dəvəti ilə baş tutan bu səfər Prezident İlham Əliyevə göstərilən yüksək etimadın, Azərbaycana etibarlı tərəfdaş kimi verilən dəyərin göstəricisidir. Deputat vurğulayıb ki, prezidentin səfəri ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir:

"Səfər Azərbaycan–Almaniya əməkdaşlığının geniş gündəliyini əhatə etməklə yanaşı, Avropa ilə tərəfdaşlığımızın daha da dərinləşdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Bu səfər həm də Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin möhkəmlənməsinə, enerji tədarükü və təhlükəsizliyi, logistika, investisiya və regional təhlükəsizlik sahələrində əməkdaşlığın genişlənməsinə töhfə kimi dəyərləndirilir".

Rizvan Nəbiyev
Deputat hesab edir ki, Azərbaycanın ərazisinin işğalına son qoyması ilə ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra regionda yaranmış yeni siyasi reallıqlar həm ikitərəfli münasibətlər, həm Avropa İttifaqı ilə münasibətlər kontekstində, elədə də Almaniya və Avropa İttifaqının Mərkəzi Asiya ilə intensivləşən iqtisadi ticarət əlaqələri prizmasında əməkdaşlıq və tərəfdaşlıq üçün unikal imkanlar yaradıb.

"Burada Orta Dəhliz, Azərbaycanın yaratdığı infrastrukturla təklif etdiyi tranzit imkanlar Berlin və Brüssel üçün olduqca əhəmiyyətlidir. Yaxın Şərqdəki hərbi gərginlik, Rusiya-Ukrayna müharibəsi Avropanı Cənubi Qafqaz və Mərkəzi Asiya ilə münasibətlərini yeni siyasi reallıqlar kontekstində təftiş etməyə, yeni çağırışları nəzərə almağa vadar edir".

Rizvan Nəbiyev söyləyib ki, Almaniya Azərbaycanın Avropada əsas siyasi və iqtisadi tərəfdaşlarından biridir:

"İki ölkə arasında siyasi dialoq, iqtisadiyyat, enerji, sənaye, nəqliyyat, logistika, təhsil və humanitar sahələrdə əməkdaşlıq ardıcıl şəkildə inkişaf edir. Xüsusilə enerji təhlükəsizliyi sahəsində tərəfdaşlıq strateji əhəmiyyət daşıyır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Almaniyada da yüksək qiymətləndirilir.

Bugünkü geosiyasi şəraitdə əməkdaşlığın yaşıl enerji, hidrogen iqtisadiyyatı, rəqəmsal transformasiya, süni intellekt, yüksək texnologiyalar, sənaye kooperasiyası, Orta Dəhliz və logistika kimi yeni istiqamətlər üzrə genişləndirilməsi üçün böyük imkanlar yaranıb.

Azərbaycan Avropa ilə Asiyanı birləşdirən etibarlı nəqliyyat və enerji qovşağı kimi Almaniya biznesi üçün də cəlbedici tərəfdaşdır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, eləcə də yaşıl enerji layihələri alman şirkətlərinin iştirak edə biləcəyi perspektivli sahələrdir".

Deputat bildirib ki, İlham Əliyevin bu rəsmi səfəri siyasi dialoqun daha da möhkəmlənməsinə, iqtisadi əlaqələrin genişlənməsinə, qarşılıqlı investisiyaların artmasına və Azərbaycan–Almaniya münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoymasına mühüm töhfə verəcək. Onun fikrincə, bu, həm də Azərbaycanın Avropa ilə praqmatik, qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanan əməkdaşlıq siyasətinin növbəti uğurlu təzahürüdür.