Estoniyanın səfiri: Azərbaycanla Ermənistan arasında sülh prosesi bizim şirkətlər üçün imkanlar açır - MÜSAHİBƏ
- 19 noyabr, 2025
- 10:08
İqamətgahı Ankarada yerləşən Estoniyanın Azərbaycan üzrə qeyri-rezident səfiri Vayno Reynart "Report"a müsahibəsində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, Estoniya-Azərbaycan əlaqələrinin hərtərəfli inkişafı üçün mümkün variantlardan danışıb:
- Cənab Səfir, etimadnamənizi təqdim edərkən, Azərbaycan Prezidenti Estoniya ilə ikitərəfli münasibətlərin genişləndirilməsi, ticarət, iqtisadiyyat, investisiya və digər sahələrdə əməkdaşlığın inkişafı üçün yeni imkanların müəyyənləşdirilməsinin önəmini qeyd edib. Azərbaycanla Estoniya arasında əlaqələrin inkişafı üçün Sizcə, hansı imkanlar var?
- Keçən il Prezident İlham Əliyevə etimadnaməmi təqdim edərkən Azərbaycan və Estoniya arasında əməkdaşlıq imkanları barədə çox geniş müzakirə apardıq. Azərbaycan Estoniyada neft və qaz sənayesi ilə tanınması ilə yanaşı, bizim şirkətlər üçün maraqlı olan digər iqtisadi sahələrə, məsələn, yaşıl və rəqəmsal transformasiyalara da böyük diqqət yetirir.
Və əlbəttə ki, Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi digər sahələrdə də çoxsaylı əlavə imkanlar açır, xüsusilə də Estoniya şirkətləri təkmilləşdirilmiş logistika və tranzit imkanlarından istifadə etməkdə maraqlı ola bilərlər.
- İki ölkə arasında ticarət dövriyyəsi nə yerdədir? Azərbaycandan nə alırsız, nə satırsız?
- Rəqəmsal transformasiya Estoniya İnformasiya Texnologiyaları şirkətləri üçün ən maraqlı əməkdaşlıq sahələrindən biridir. Estoniyanın ixtira etdiyi X-Road modelinin prototipini 2018-ci ilin yanvarından Azərbaycan elektron hökumət sistemlərində tətbiq edib. 2001-ci ildən bəri X-Road e-Estoniyanın onurğa sütununa çevrilib. Bu texnologiya müxtəlif dövlət və özəl sektorlarda verilənlər bazaları arasında təhlükəsiz, şifrələnmiş məlumat mübadiləsini təmin edir. Azərbaycan bu tətbiqdən sonra Finlandiya, Namibiya, Ukrayna, Yaponiya və Farer adaları kimi digər ölkələr də qoşulsa da, X-Road-ı prototip versiyasını tətbiq edən ilk ölkə oldu.
Keçən il aramızdakı ticarət dövriyyəsi 27 milyon avro ilə məhdudlaşıb ki, bu da Estoniyanın xarici ticarətinin 0,1 faizindən azını təşkil edir. Bir çox digər ölkələr kimi, Estoniya da Azərbaycandan neft və qaz alır, Ümumilkdə isə Azərbaycana ixracımız bir az daha əhatəlidir.
- SSRİ-nin bir hissəsi olaraq Estoniya ilə Azərbaycan arasında sovetlər dönəmindən əlaqələr mövcuddur. Estoniyada nə qədər Azərbaycan vətəndaşı yaşayır?
- Əslində, münasibətlərimiz Sovet işğalı dövründən daha çox əvvələ gedib çıxır. 19-cu əsrin sonlarında Azərbaycan ərazisində məhdud Estoniya icması mövcud idi, lakin bu, o qədər də böyük deyildi. Estoniyadakı Azərbaycan icması bir neçə min nəfərdən ibarətdir və yaxşı təşkilatlanıb.
- Azərbaycanın Ermənistanla sülh müqaviləsinə nail olunması üçün beynəlxalq səviyyəli cəhdlərinin Estoniya tərəfindən dəstəkləndiyini bildirmisiniz. Qarabağa getdinizmi? Bir çox ölkələrin Qarabağda müxtəlif səpgili fəaliyyətləri var. Estoniyanın bu istiqamətdə bir planı varmı?
- Səfirliyimizin Bakıdakı ofisinin rəhbəri cənab Yaak Lensment dəfələrlə Qarabağa səfər edib. Estoniya Parlamentinin sədri cənab Yuri Ratas da 2022-ci ildə Azərbaycana rəsmi səfəri zamanı Qarabağa səfər edib. Onlar Qarabağın sürətli inkişaf tempini görməkdən həqiqətən məmnun olublar. Estoniyaya bağlı biznes baxımından, əlbəttə ki, onlar Azərbaycanın hər yerində belə imkanları tapmaq istəyirlər.
- Sizcə, diplomatik əlaqələrimizin genişlənməsi üçün nələrə ehtiyac var?
- Estoniya ölkələrimiz arasında siyasi qarşılıqlı əlaqəni intensivləşdirməyə tam hazırdır. Xarici İşlər Naziri Marqus Tsahknanın bu yaxınlarda Bakıya səfəri zamanı bir sıra əməkdaşlıq imkanları, o cümlədən müntəzəm siyasi dialoqun bərpası, eləcə də mümkün sektor səfərləri müzakirə edildi. Bildiyiniz kimi, nazir Tsahknaya böyük bir işgüzar nümayəndə heyəti müşayiət edirdi və biz yaxın həftələrdə Azərbaycandan biznes nümayəndə heyətinin Estoniyaya səfər edəcəyini gözləyirik. Regional perspektivin yaxşılaşması fonunda inanıram ki, şirkətlərimiz gələcək əməkdaşlıq üçün daha cəlbedici imkanlar tapacaqlar.
- Parlamentlərarası əlaqələrimizin inkişafı haqqında nə deyə bilərsiniz?
- Parlamentlərarası əməkdaşlığımızın həqiqətən də fərqləndiyinə inanırıq. Parlament dostluq qrupları müntəzəm olaraq qarşılıqlı səfərlər təşkiledir, parlamentlərimizin sədrləri də bu yaxınlarda bir-birini ziyarət ediblər, daha çox səfər planlaşdırılıb.
- Yaxın günlərdə yüksək səviyyəli qarşılıqlı səfərlər gözlənilirmi?
- Qeyd etdiyim kimi, xarici işlər nazirimiz Marqus Tsaxna oktyabr ayının sonunda Azərbaycana səfər etdi. Bir neçə başqa səfər də nəzərdən keçirilir. Qayda-qanun naminə, səfərlər təsdiqlənənə qədər elan vermirik. Lakin, planlaşdırılan bir sıra səfərlərimiz var.
- Cənab səfir, ölkələrimiz arasında mədəni əlaqələr son illər yüksək inkişaf tempi götürüb. Azərbaycan xalqının ən qiymətli milli abidələrindən olan "Kitabi-Dədə Qorqud" eston dilində nəşr olunub. Estonca-Azərbaycanca lüğətin nəşr olunması isə Eston və Azərbaycan xalqlarının ünsiyyət qurmağını asanlaşdıran gözəl vəsaitdir. Bu əlaqələrin daha geniş inkişaf etdirilməsi üçün prioritetləriniz nədən ibarətdir?
- 1300 ildən çox yaşı olan Azərbaycan mədəniyyətinin rəmz əsəri olan "Kitabi-Dədə Qorqud" bir neçə il əvvəl Estoniya Mədəniyyət Paytaxtı Fondunun dəstəyi ilə eston dilinə (Anneli Pekonen və Vidadi Mamedov tərəfindən) tərcümə edilib. Həmçinin, Estonca-Azərbaycanca və Azərbaycanca-Estonca lüğətlər də nəşr olunub. Estoniyanın Azərbaycan da daxil olmaqla, digər xalqların şah əsərlərini eston dilinə tərcümə etmək kimi uzunmüddətli ənənəsi var. Rəsul Rza, Anar, İlyas Əfəndiyev, Sabir Azəri, Çingiz Abdullayevin əsərlərindən yalnız bir neçəsini qeyd edim. 2014-cü ildə Qurban Səidin Anneli Pekkonenin tərcüməsində "Əli və Nino" kitabı nəşr olunub.