Gürcüstan XİN: Brüssel Gürcüstanın əsaslandırılmış mövqeyini dinləməyə hazır deyil
- 19 noyabr, 2025
- 11:47
Avropa İttifaqının (Aİ) Gürcüstanla insan hüquqları üzrə dialoqun növbəti iclasını qeyri-müəyyən müddətə təxirə salması Brüsselin Tbilisinin əsaslandırılmış mövqeyini dinləməyə hazır olmamasından xəbər verir.
"Report" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Qurumda qeyd ediblər ki, iclas noyabrın 21-də Brüsseldə keçirilməli idi.
Görüşün təxirə salınması barədə ötən gün Avropa Komissiyasının nümayəndəsi Anitta Hipper məlumat verib. Onun sözlərinə görə, bu, Gürcüstan tərəfinin yaratdığı maneələrlə əlaqədardır. Eyni zamanda, o, Aİ-nin insan hüquqları üzrə mövqeyini təqdim etmək üçün bu məsələ ilə bağlı görüş keçirməyə hazır olduqlarını təsdiqləyib.
"Yuxarıda qeyd olunan məsələdən növbəti spekulyasiyalar üçün istifadə edilməsi əsaslı şübhələr doğurur və belə bir təəssürat yaradır ki, Avropa İttifaqının Xarici Əlaqələr Xidmətinin görüş keçirmək istəyi olmayıb və Brüssel Gürcüstanla siyasi dialoqun dayandırılması üçün istifadə etdiyi və s. məsələlərlə bağlı ölkənin əsaslandırılmış mövqeyini dinləməyə hazır deyil", - XİN-in bəyanatında deyilib.
Qurumda konstruktiv yanaşmaya sadiqlik və dialoqun alternativinin olmadığı vurğulanıb. O da qeyd olunub ki, Gürcüstanın Aİ ilə müxtəlif danışıqlar formatlarında iştirakı yalnız Brüssel tərəfindən dayandırılmış dialoqun tam bərpa edilməsindən sonra mümkündür.