Polşa Banklar Assosiasiyası: Azərbaycan regionun maliyyə liderinə çevrilmək qabiliyyətinə malikdir - EKSKLÜZİV
- 19 noyabr, 2025
- 11:35
Polşa və Azərbaycan arasında ikitərəfli əlaqələrin intensivləşməsi iki ölkə arasında əməkdaşlığa yeni ölçü verə və Bakının regionun maliyyə sektorunun liderlərindən biri kimi mövqeyini gücləndirə bilər.
Bunu "Report"a açıqlamasında Polşa Banklar Assosiasiyasının icraçı vitse-prezidenti Vlodzimej Kiçinski (Wlodzimierz Kicinski) Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunun kuluarlarında deyib.
"Hesab edirik ki, Azərbaycan bankları kifayət qədər müasir və son dərəcə aktivdir, milli iqtisadiyyata investisiya qoyuluşunun artırılmasında mühüm rol oynayır. Bu, Polşa Banklar Assosiasiyasının və Polşa banklarının məqsədləri ilə əhəmiyyətli dərəcədə üst-üstə düşür. Biz bir çox ortaq nöqtələrin olduğunu görürük və əminik ki, assosiasiyalarımız arasında əməkdaşlıq səmərəli olacaq", - o vurğulayıb.
V.Kiçinskinin sözlərinə görə, ödəniş sistemi əməkdaşlığın ən perspektivli sahələrindən biridir.
"Ödəniş infrastrukturu əsas sahədir. Polşa bankları bu istiqamətdə olduqca müasirdir, avtomatlaşdırılıb, yaxşı təchiz edilib və süni intellekt əsaslı həllərdən fəal şəkildə istifadə edir. Bu baxımdan biz sizin banklara maraqlı bir alət - Bank Texnologiyaları Forumunu təqdim edə bilərik. Bu, bank sektoru üçün innovasiya və həllər təklif edən aparıcı texnologiya şirkətlərinin birliyidir. Banklar və texnologiya şirkətləri arasında dialoq həm bank sektoru, həm də maliyyə və dövlət xidmətlərinin inkişafı üçün böyük əhəmiyyətə malikdir. Bu, azərbaycanlı həmkarlarımızla aparacağımız müzakirə mövzularından biri olacaq", - o bildirib.
V.Kiçinski açıq bankçılıq və müasir texnologiyaların tətbiqinin Polşanın bank sistemi üçün məcburi standart olduğunu qeyd edib.
"Əminik ki, bu, müştərilərin ehtiyaclarına daha yaxın olmağa imkan verir. Mərkəzi Asiyanın dünya iqtisadiyyatı üçün əhəmiyyəti getdikcə artır və hesab edirik ki, ikitərəfli əlaqələrimizin intensivləşməsi Azərbaycanı maliyyə sektorunda lider olmaq qabiliyyətinə malik ölkə kimi görməyə imkan verən əlavə fürsətlər yaradacaq", - icraçı vitse-prezident deyib.