Azər Əmiraslanov: "Yeni büdcə zərfi qeyri-neft sektorunun inkişafına təkan verilməsini nəzərdə tutur"
- 19 noyabr, 2025
- 11:48
Gələn ilin büdcə zərfi vergi yükünün artırılmasını deyil, vergi bazasının genişləndirilməsini, kölgə iqtisadiyyatının daralmasını, vergi-gömrük təşviqləri vasitəsilə qeyri-neft sektorunun inkişafına təkan verilməsini nəzərdə tutur.
"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan hökumətinin vergiləri artıraraq büdcə gəlirlərini təmin etmək niyyətində olması ilə bağlı fikirlər reallığı əks etdirmir: "Büdcə daxilolmaları vergi yükünü artırmaq hesabına təmin edilsəydi, nə üçün bu göstərici cəmi 0,7 % artırılırdı? Məqsəd vergi yükünü artırmaqdırsa da, nə üçün dövlət tərəfindən növbəti ildə büdcə gəlirlərinin 17 %-i həddində, yəni 6,6 milyard manat məbləğində vergi, gömrük sahəsində güzəşt və azad olmaları tətbiq edilir?
Rəqəmlər, hökumətin rəsmi açıqlamaları göstərir ki, yeni büdcə zərfi vergi yükünün artırılmasını deyil, gəlir mənbələrini şaxələndirərək vergi bazasının genişləndirilməsini, kölgə iqtisadiyyatının daralmasını, vergi-gömrük təşviqləri vasitəsilə qeyri-neft sektorunun inkişafına təkan verilməsini nəzərdə tutur".