Elxan Poluxov: Azərbaycan və Misir yaxın illərdə ticarət dövriyyəsini iki dəfə artıra bilər

Xarici siyasət
  • 18 noyabr, 2026
  • 10:16
Elxan Poluxov: Azərbaycan və Misir yaxın illərdə ticarət dövriyyəsini iki dəfə artıra bilər

Azərbaycan və Misir yaxın illərdə ikitərəfli ticarətin həcmini iki dəfə artırmaq üçün əhəmiyyətli potensiala malikdir.

"Report" xəbər verir ki, bunu Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov "Egypt Today" nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ötən il iki ölkə arasında ticarət dövriyyəsi təxminən 45 milyon dollar təşkil edib ki, bunun da 40 milyon dolları Misirin Azərbaycana ixracının, 5 milyon dolları isə Azərbaycanın Misirə ixracının payına düşüb.

Səfir qeyd edib ki, bu göstəricilər iqtisadi əməkdaşlığın real imkanlarını əks etdirmir.

E.Poluxov ən perspektivli əməkdaşlıq istiqamətləri sırasında əczaçılıq sənayesini xüsusi qeyd edib. Onun sözlərinə görə, Misir Azərbaycan bazarında tələbatın ola biləcəyi inkişaf etmiş əczaçılıq sektoruna, qabaqcıl texnologiyalara və böyük təcrübəyə malikdir.

Turizm sahəsində əməkdaşlığa toxunan səfir turist axınının artırılması imkanlarına diqqət çəkib. Hazırda Bakı ilə Misirin Şarm-əş-Şeyx kurortu arasında həftədə bir neçə birbaşa reys həyata keçirilir.

Bundan başqa, cari ilin əvvəlində Azərbaycan Qahirəyə çarter reyslərinə başlayıb, lakin sonradan Yaxın Şərqdəki vəziyyətə görə bu reyslər dayandırılıb. Səfir uçuşların yaxın gələcəkdə bərpa olunacağına ümidvar olduğunu bildirib.

Onun sözlərinə görə, aviasiya əlaqəsinin bərpası ticarət və turizmin inkişafına, həmçinin iki ölkə xalqları arasında əlaqələrin genişlənməsinə kömək edəcək.

E.Poluxov həmçinin Azərbaycanın Misirdə keçirilən irimiqyaslı tədbirlərdə, o cümlədən Misir Müdafiə Sənayesi Sərgisində iştirakını vurğulayıb.

O, qarşılıqlı fəaliyyətin digər perspektivli istiqamətləri sırasında xüsusilə neft-qaz, tibb, süni intellekt və informasiya texnologiyaları sahələrində təhsil və peşə hazırlığını qeyd edib.