Eliso Bolkvadze: Azərbaycan mədəniyyətlərarası dialoqu və anlaşmanı təşviq etməyə sadiq bir ölkədir
- 27 oktyabr, 2026
- 16:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan zəngin mədəni irsə, unikal musiqi ənənələrinə və mədəniyyətlərarası dialoqu və anlaşmanı təşviq etməyə sadiq bir ölkədir.
"Report"un məlumatına görə, bunu Acarıstan Muxtar Respublikasının mədəniyyət naziri Eliso Bolkvadze Bakıda Beynəlxalq təşkilatların 3-cü yüksək səviyyəli görüşü və Bakı Prosesi çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyası çərçivəsində "Tərəfdaşlıqdan birgə fəaliyyətə: süni intellekt dövründə mədəniyyətlərarası dialoq naminə qlobal qarşılıqlı fəaliyyətin gücləndirilməsi" adlı müzakirədə deyib.
O forumda iştirak etməkdən məmnunluğunu ifadə edərək qeyd edib ki, bu gün dünya bir çox çağırışlar, münaqişələr, sosial bölgülər, ayrı-seçkiliklər ilə üz-üzədir və xalqların sülh və qarşılıqlı anlaşma qurmaq üçün daha güclü dialoqa və öhdəliyə ehtiyacı var.
"Süni intellekt bu çağırışlara yeni ölçü gətirir. Süni intellekt dövrü mədəniyyət üçün mühüm imkanlar təqdim edir. O, mədəni irsimizi qorumağa və bölüşməyə, mədəni təhsilə çıxışı yaxşılaşdırmağa və müxtəlif icmalar arasında ünsiyyəti daha da asanlaşdırmağa kömək edə bilər. Eyni zamanda, süni intellekt yalan məlumatlar yaya, ayrı-seçkiliyi artıra və bəzi mədəniyyətləri və dilləri daha az görünən edə bilər. Texnologiya bizə yeni bölgülər yaratmağa deyil, bir-birimizi başa düşməyə kömək etməlidir".