Qaya Məmmədov: Aİ TRIPP-i dəstəkləməli, Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına kömək etməlidir

Xarici siyasət
  • 27 oktyabr, 2026
  • 18:28
Qaya Məmmədov: Aİ TRIPP-i dəstəkləməli, Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına kömək etməlidir

Avropa İttifaqı (Aİ) TRIPP nəqliyyat layihəsinin həyata keçirilməsini dəstəkləməli, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına kömək etməli və münaqişədən zərər çəkmiş ərazilərin bərpasına dəstək məqsədilə genişmiqyaslı yardım proqramına başlamalıdır.

"Report"un Avropa bürosu xəbər verir ki, bunu Azərbaycan parlamentinin deputatı Qaya Məmmədov Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (AIR Center) ilə Kral Beynəlxalq Münasibətlər İnstitutunun Brüsseldə birgə təşkil etdiyi "Azərbaycan və Avropa İttifaqı: yeni perspektivlər" forumunda bildirib.

"Sülh yalnız siyasi bəyanatlarla dəstəklənə bilməz. Prosesin dinamikasını qoruyub saxlamaq üçün konkret addımlar və nəticələr zəruridir", - Q. Məmmədov Aİ-nin Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsindəki roluna dair müzakirədə çıxış edərkən bildirib.

Onun sözlərinə görə, TRIPP-in icrasına heç bir ləngimə olmadan başlanılmalıdır, nəqliyyat əlaqələrinin inkişafı isə iqtisadi imkanlar yaratmağa, Azərbaycanla Ermənistan arasında etimadı gücləndirməyə və sülhü daha dayanıqlı etməyə imkan verəcək.

Deputat xüsusilə münaqişənin humanitar nəticələrinin həllinin zəruriliyinə diqqət çəkib. Onun sözlərinə görə, 4 minə yaxın azərbaycanlı itkin düşmüş sayılır və 2020-ci ildə müharibə başa çatdıqdan sonra 400-dən çox insan mina partlayışından zərər çəkib.

Q. Məmmədov Aİ-ni zərər çəkmiş ərazilərin minalardan təmizlənməsi və bərpasına, eləcə də məcburi köçkünlərin qayıdışının təmin edilməsinə və itkin düşənlərin taleyinin müəyyənləşdirilməsinə mühüm yardım göstərməyə çağırıb.

Aİ-nin regiondakı rolundan danışan, deputat qeyd edib ki, Aİ-nin Cənubi Qafqazda təhlükəsizlik sahəsindəki vəziyyətə birbaşa təsir etmək imkanları məhduddur. Onun fikrincə, Brüssel diqqətini investisiyalara, texnologiyalara, enerji əməkdaşlığına və nəqliyyat bağlantılarının inkişafına cəmləməlidir.

O, Avropa Parlamentinin mövqeyini tənqid edərək bildirib ki, bəzi qərarlar barışığa deyil, Ermənistanda revanşist əhval-ruhiyyənin güclənməsinə xidmət edir.

44 filmi