Fərhad Hacıyev: Gənclərin liderlik potensialının inkişafı Azərbaycanın prioritetlərindən biridir

Xarici siyasət
  • 27 oktyabr, 2026
  • 18:27
Fərhad Hacıyev: Gənclərin liderlik potensialının inkişafı Azərbaycanın prioritetlərindən biridir

İnsan kapitalının və gənclərin liderlik potensialının inkişafı Azərbaycanın dövlət siyasətində xüsusi yer tutur.

"Report" xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman nazirinin müavini Fərhad Hacıyev Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bildirib.

Onun sözlərinə görə, gənclərin liderlik potensialının inkişafına qoyulan investisiyalar ölkənin gələcəyinin mühüm hissəsidir. Eyni zamanda, səmərəli liderlərin formalaşması üçün yalnız nəzəri biliklər kifayət etmir, həmçinin praktiki təcrübə, mentorluq, məsuliyyət və fərqli baxışlara malik insanlarla əməkdaşlıq imkanları lazımdır.

F. Hacıyev qeyd edib ki, Azərbaycan gənclərin liderlik və idarəçilik bacarıqlarının inkişafını, eləcə də mədəniyyətlərarası dialoqun təşviqini ardıcıl olaraq dəstəkləyir.

Bu baxımdan o, bütün dünyadan 8 mindən çox namizəd arasından seçilmiş 50 gənc lideri bir araya gətirən UNESCO-nun "Sülh naminə gənclər: mədəniyyətlərarası liderlik" proqramını alqışlayıb.

Azərbaycanın gənclər potensialından danışan F. Hacıyev bildirib ki, ölkədə 300-dən çox gənclər təşkilatı mövcuddur, hər il 2 milyona yaxın məktəbli təhsil alır, universitetlərdə isə 200 minə yaxın tələbə oxuyur.

"Azərbaycan sadəcə bu forumun keçirildiyi məkan deyil, həm də bu dəyərləri bölüşdüyümüz və həyata keçirdiyimiz bir ölkədir", - o qeyd edib.