Brüsseldə Anım Günü ilə bağlı tədbir keçirilib

Xarici siyasət
  • 27 sentyabr, 2026
  • 01:12
Brüsseldə Anım Günü ilə bağlı tədbir keçirilib

Azərbaycanın Belçika Krallığındakı səfirliyinin dəstəyi, Brüssel Azərbaycan Evinin təşkilatçılığı ilə 27 Sentyabr - Anım Günü ilə bağlı Brüsseldə tədbir keçirilib.

"Report"un Avropa bürosunun məlumatına görə, tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz və müqəddəs xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Ardınca çıxış edən Azərbaycanın Belçika Krallığındakı səfiri Məmməd Əhmədzadə 27 Sentyabr - Anım Gününün xalqımızın müasir tarixində xüsusi və dərin mənəvi əhəmiyyət daşıdığını vurğulayıb. Diplomat qeyd edib ki, bu gün Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə xalqımızın dərin ehtiram və sonsuz minnətdarlığının ifadəsidir.

Ermənistanın Azərbaycana qarşı 30 il davam etmiş hərbi təcavüzünün ağır nəticələrindən danışan də diplomat bildirib ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayıb və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün imkanları ərazi bütövlüyümüzün bərpası istiqamətində səfərbər edilib.

M. Əhmədzadə Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı tarixi Zəfərin xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzmkarlığının və Vətən sevgisinin təcəssümü olduğunu qeyd edib. O, 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində suverenliyinin təmin olunduğunu vurğulayıb. Diplomat, Azərbaycan tərəfindən tarixi ədalətin bərpası ilə yanaşı, regionda davamlı sülhün bərqərar edilməsi istiqamətində ardıcıl tədbirlərə, habelə Vaşinqtonda keçirilmiş sammitin tarixi nəticələrinə toxunub.

M.Əhmədzadə şəhidlərimizin əziz xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını vurğulayıb, Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.

Daha sonra Belçika Azərbaycanlıları Koordinasiya Şurasının Belçika üzrə əlaqələndiricisi, MADANİ platformasının rəhbəri Emin Əliyev, "FireLand" Azərbaycanlılar Birliyinin sədri İlahə Tağıyeva və BUTAM Azərbaycan Mədəniyyət Assosiasiyasının həmtəsisçisi Əliağa Sultanov çıxış ediblər.

Çıxışlarda Anım Gününün Azərbaycan tarixindəki mühüm yeri, Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusunun göstərdiyi misilsiz qəhrəmanlıq və rəşadət, xalqımızın Zəfərə aparan birlik və həmrəyliyi barədə danışılıb. Bildirilib ki, Vətən müharibəsi Azərbaycanın çoxəsrlik tarixinin şanlı səhifələrindən biri olmaqla, xalqımızın milli iradəsinin və Vətən sevgisinin parlaq təcəssümüdür.

İcma nümayəndələri Vətən müharibəsi günlərində və sonrakı dövrdə Azərbaycanın haqq səsinin Belçika və Avropa ictimaiyyətinə çatdırılması, ölkəmizin ədalətli mövqeyinin beynəlxalq səviyyədə təbliği istiqamətində həyata keçirilən fəaliyyət barədə məlumat veriblər.

Tədbir çərçivəsində Anım Gününə və Vətən müharibəsinə həsr olunmuş filmlər nümayiş etdirilib.

Anım tədbiri şəhidlərimizin əziz xatirəsinə dərin ehtiram hissləri ilə yekunlaşıb.