Aran zonasında şəhidlərin xatirələri anılıb
- 27 sentyabr, 2026
- 16:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Aran zonasında 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbirlər keçirilib.
"Report"un Aran bürosunun məlumatına görə, Salyan rayonunda keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov, Yeni Azərbaycan Partiyasının (YAP) Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə "Şəhidlər" abidə kompleksi və Şəhidlər xiyabanı ziyarət edilib. Həmçinin Milli Qəhrəman Nazim Babayevin, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, Vətən müharibəsi şəhidi və Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılzadənin büstü önünə gül dəstələri düzülüb.
Şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Anım mərasiminin davamında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəman vətən övladlarının əziz xatirəsinə, şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına ehtiram, diqqətin ifadəsi olaraq ehsan süfrəsi təşkil olunub.
Anım Günü ilə əlaqədar Şirvan şəhərində, eləcə də Neftçala, Hacıqabul, Sabirabad və Saatlı rayonlarında da anım tədbirləri keçirilib.
Tədbirlər çərçivəsində şəhidlər xiyabanları ziyarət olunub, onların əziz xatirəsi ehtiramla yad edilib.
Saat 12:00-da Aran zonasında da Vətən müharibəsində qəhrəmancasına döyüşərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.