Azərbaycan mətbəxini tanıdan kitab boşnak dilində nəşr olunub
- 04 noyabr, 2026
- 22:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan mətbəxinin zəngin ənənələrini, milli təamlarını və qonaqpərvərlik mədəniyyətini tanıdan "Azerbejdžansko gostoprimstvo kroz kulinarske recepte – U gostima kod Natavan" ("Kulinariya reseptləri vasitəsilə Azərbaycan qonaqpərvərliyi – Natavanın qonağı olarkən") kitabı Bosniya və Herseqovinada boşnak dilində nəşr olunub.
"Report"un Balkan bürosu xəbər verir ki, kitab Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyinin dəstəyi ilə boşnak dilinə tərcümə edilərək çap olunub.
Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev nəşrə ön söz yazıb. Nəşrin məqsədi Azərbaycan mətbəxinin özünəməxsus xüsusiyyətlərini, milli xörəklərin hazırlanma qaydalarını və əsrlər boyu formalaşmış süfrə mədəniyyətini Bosniya və Herseqovina ictimaiyyətinə tanıtmaqdır.
Nəşrin müəllifi Natavan Makili-Əliyevadır. Kitab ilk dəfə Moldovanın paytaxtı Kişineuda "Visiting Real Bakuvian. Azerbaijan Hospitality in the Recipes" adı ilə işıq üzü görüb. Kitabda Azərbaycan mətbəxinin şah plov, dolma, lülə kabab, müxtəlif milli qəlyanaltılar, paxlava və şəkərbura kimi nümunələrinin reseptləri yer alıb. Bununla yanaşı, nəşrdə Azərbaycan süfrəsinin fəlsəfəsi, qonağa ehtiram və qonaqpərvərlik ənənələri də əksini tapıb.
Kitabın boşnak dilində nəşri Azərbaycan ilə Bosniya və Herseqovina arasında mədəni əlaqələrin inkişafına, eləcə də iki xalqın bir-birinin milli-mədəni irsi və məişət ənənələri ilə daha yaxından tanış olmasına xidmət edir.
Qeyd edək ki, Natavan Makili-Əliyeva Azərbaycanın Moldovadakı keçmiş səfiri, professor Namiq Əliyevin həyat yoldaşıdır. Namiq Əliyevin Moldovada diplomatik fəaliyyəti dövründə o, Kişineu Beynəlxalq Qadınlar Klubunun fəal üzvü kimi müxtəlif xeyriyyə tədbirlərində və mədəni layihələrdə iştirak edib, Azərbaycan mədəniyyətinin və milli dəyərlərinin təbliğinə töhfə verib.