Zaqrebdə Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

Xarici siyasət
  • 04 noyabr, 2026
  • 22:31
Zaqrebdə Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

Azərbaycanın Xorvatiyadakı səfirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə Zaqreb şəhərində rəsmi qəbul təşkil edib.

"Report"un Balkan bürosu xəbər verir ki, tədbirdə Xorvatiyanın dövlət qurumlarının nümayəndələri, parlament üzvləri, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, media nümayəndələri, eləcə də elm, təhsil, mədəniyyət və incəsənət sahələrinin tanınmış şəxsləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Xorvatiyanın dövlət himnləri səsləndirilib, Vətən müharibəsinə həsr olunmuş videoçarxlar nümayiş etdirilib.

Açılış nitqi ilə çıxış edən Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov Ermənistanın uzun illər Azərbaycana qarşı yürütdüyü işğalçılıq və etnik təmizləmə siyasətindən, bunun ağır humanitar nəticələrindən danışıb.

O bildirib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər ölkənin ərazi bütövlüyünün bərpasında həlledici mərhələ olub. Səfir 8 Noyabrın Azərbaycan xalqı üçün milli qürur və həmrəyliyin rəmzinə çevrildiyini vurğulayıb.

Diplomat 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazisi üzərində suverenliyinin tam bərpa olunduğunu da diqqətə çatdırıb.

Müharibədən sonrakı dövrdə Azərbaycanın regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətindəki səylərinə toxunan A.İmanov 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin bu istiqamətdə mühüm irəliləyiş olduğunu qeyd edib.

O, həmçinin Azərbaycanın regional kommunikasiyaların açılması, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də sülh prosesinin praktiki mərhələyə keçirilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib.

Səfir azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinə, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına və bu prosesə mane olan əsas amillərdən biri kimi mina təhlükəsinə xüsusi diqqət çəkib.

Bu kontekstdə Xorvatiyanın münaqişədən sonrakı bərpa, tarixi və mədəni irsin qorunması, eləcə də minalardan təmizləmə sahəsindəki təcrübəsinin əhəmiyyətini vurğulayan diplomat iki ölkə arasında bu istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib.

A.İmanov Azərbaycan və Xorvatiyanın münaqişələrin dağıdıcı nəticələri, əhalinin doğma yurdlarından köçkün düşməsi və müharibədən sonrakı bərpa ilə bağlı oxşar tarixi təcrübəyə malik olduğunu qeyd edib. Onun sözlərinə görə, bu ortaq təcrübə iki ölkə arasında qarşılıqlı anlaşmanın, həmrəyliyin və strateji tərəfdaşlığın möhkəmləndirilməsi üçün zəmin yaradır.

Səfir çıxışının sonunda Cənubi Qafqazda uzunmüddətli sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsinin Azərbaycanın əsas prioritetlərindən biri olaraq qaldığını bildirib. O, region ölkələri arasında əməkdaşlığa və qarşılıqlı faydalı münasibətlərə əsaslanan gələcəyə ümidvar olduğunu ifadə edib.

44 filmi