Astanada Azərbaycan şəhidlərinin xatirəsi anılıb

Xarici siyasət
  • 25 sentyabr, 2026
  • 13:06
Astanada Azərbaycan şəhidlərinin xatirəsi anılıb

Azərbaycanın Astanadakı səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib.

"Report"un Qazaxıstan bürosunun verdiyi məlumata görə, tədbirdə diplomatlar, ictimaiyyət və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Əskərov qeyd edib ki, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq əks-hücum əməliyyatına başlayıb.

Diplomat vurğulayıb ki, Azərbaycan ordusunun şücaəti və Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində ölkənin ərazi bütövlüyü bərpa edilib. Səfir həmçinin 44 günlük Vətən müharibəsi zamanı qardaş Türkiyə tərəfindən Azərbaycana göstərilən siyasi və mənəvi dəstəyi qeyd edib. Onun sözlərinə görə, Bakı və Ankaranın birliyi regional sabitliyin və təhlükəsizliyin mühüm amilinə çevrilib.

Tədbirdə Türkiyənin Qazaxıstandakı səfiri Mustafa Kapucu da iştirak edib və o, çıxışında torpaqların azad edilməsi münasibətilə Azərbaycan ordusunu, dövlətini və xalqını təbrik edib.

"Azərbaycanlı qardaşlarımızın itkiləri ilə əlaqədar başsağlığı veririk. Ümid edirik ki, qardaş ölkələr bir daha heç vaxt belə günlər yaşamaq məcburiyyətində qalmayacaqlar", - deyə diplomat bildirib.

Tədbir iştirakçıları Azərbaycan şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Onların şücaətinin həmişəlik Azərbaycan xalqının yaddaşında qalacağı qeyd edilib.

Tədbirdə, həmçinin sentyabrın 24-də Xəzər dənizində hərbi təlimlər zamanı Qazaxıstan hərbi qulluqçularının həlak olması ilə əlaqədar başsağlığı verilib və onların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçıları qardaş qazax xalqının kədərini bölüşdüklərini vurğulayıblar.

44 filmi