AQEM Beyin Mərkəzləri Forumunda təşkilatın gələcəyini formalaşdırır
- 10 sentyabr, 2025
- 12:33

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunda AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi və potensialının artırılmasına həsr olunmuş xüsusi sessiya keçirilib.
"Report" xəbər verir ki, bunu jurnalistlərə AQEM Katibliyinin hərbi-siyasi məsələlər üzrə eksperti Madina İgibayeva Bakıda keçirilən AQEM Beyin Mərkəzləri Forumunun 13-cü sessiyası çərçivəsində bildirib.
Onun sözlərinə görə, sessiya zamanı AQEM-in tamhüquqlu beynəlxalq struktura çevrilməsi ilə bağlı peşəkar ideyalar və yanaşmalar təqdim edilib. Həmçinin, iştirakçılara təşkilatın bu ilin iyulunda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə açılan yeni mənzil-qərargahı haqqında məlumat verilib.
Ekspert vurğulayıb ki, forumda səsləndirilən ideyalar AQEM-in gələcək inkişaf strategiyasının formalaşdırılmasında nəzərə alınacaq və təşkilati strukturun möhkəmləndirilməsi, forumun işinin səmərəliliyinin artırılması üçün praktikada tətbiq ediləcək.
"Belə mühüm tədbirdə iştirak etmək imkanına malik olduğumuza görə şadıq və gələn il növbəti Beyin Mərkəzləri Forumunda yenidən görüşməyə ümid edirik", - M.İgibayeva əlavə edib.