Abbas Abbasov: Belçika Mərkəzi Afrika ölkələrindən dövlət səviyyəsində üzr istəməlidir

Xarici siyasət
  • 21 avqust, 2026
  • 12:16
Abbas Abbasov: Belçika Mərkəzi Afrika ölkələrindən dövlət səviyyəsində üzr istəməlidir

Təxmini 1960-cı illərdən bəri Mərkəzi Afrika ölkələri Belçikadan reparasiyalarla bağlı müəyyən konkret addımlar gözləyir.

"Report" xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu məsələdə beynəlxalq hüquq çərçivəsində konkret addımlar atılmalıdır:

"Ən mühüm addımlardan biri Belçika dövlətinin Mərkəzi Afrika ölkələrindən, o cümlədən Konqo Demokratik Respublikasından, Ruandadan və Burundidən dövlət səviyyəsində üzr istəməsi olmalıdır. Daha sonra təzminatların məbləği müəyyənləşdirilməli, maliyyə təzminatları mərhələli şəkildə bu ölkələrə ödənilməlidir. Sonda isə ən mühüm addımlardan biri bu ölkələrin daxili siyasi məsələlərinə Belçika tərəfindən hər hansı müdaxilənin olmamasının təmin edilməsi və kolonial cinayətlərin təkrarlanmaması üçün hüquqi mexanizmin yaradılması olmalıdır".

A.Abbasov vurğulayıb ki, bu məsələdə dövlət strukturları ilə bərabər vətəndaş cəmiyyətləri də səylər göstərməlidir:

"Yalnız beynəlxalq platformalarda dövlət nümayəndələri iştirak edərək bu məsələni qabartmamalıdır. Daha çox vətəndaş cəmiyyəti institutları və BMT strukturları da müxtəlif beynəlxalq platformalarda bu məsələni gündəmə gətirməli və müzakirəyə çıxarmalıdır".