Beksultan Adilxanov: "Bakı-Şımkent aviareysi Azərbaycanla Qazaxıstan əlaqələrinin inkişafına təkan verəcək"
- 17 iyun, 2026
- 09:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı-Şımkent-Bakı birbaşa aviareysinin açılması Azərbaycanla Qazaxıstan arasında əlaqələrin inkişafında böyük üstünlüklər yaradır.
"Report"un Şımkentə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu şəhərin Turizm, Xarici Əlaqələr və Yaradıcı Sənayelər İdarəsinin rəhbəri Beksultan Adilxanov Şımkent şəhərində turizm operatorları ilə görüşdə bildirib.
Onun sözlərinə görə, Bakı-Şımkent-Bakı birbaşa aviareysinin açılması Azərbaycanla Qazaxıstan arasında əlaqələrin inkişafına böyük təkan verəcək: "Bu aviareysinin açılması əlaqələriniz üçün böyük bir üstünlükdür və buna görə çox şadıq. Şımkent tutduğu əraziyə görə Qazaxıstanın ən böyük, həmçinin ən tarixi şəhəridir. Şımkent hazırda dinamik şəkildə inkişaf edir, şəhərdə yeni turizm obyektləri tikilir. Hazırda şəhərdə 170-ə yaxın yerləşmə mərkəzi fəaliyyət göstərir, bu il isə beşulduzlu hotelin tikilməsi planlaşdırılır".
B. Adilxanov əlavə edib ki, şəhərdə turizm infrastrukturu hər il inkişaf edir: "Bu il iyunun 19-da Şəhər Günündə biz "Etnaul"u istifadəyə veririk. Şımkent 2018-ci ildə respublika əhəmiyyətli şəhər statusu alaraq birbaşa hökumətin tabeliyinə keçib. Şımkentin yerləşməsi çox əlverişlidir. Şəhərə gələn turist avtomobillə Türküstana, Daşkəndə gedə bilər, həmçinin şəhərimizdən 1,5 saat məsafədə yerləşən milli parklarımızı görə bilər".