ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
- 02 noyabr, 2026
- 01:07
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-də Florida ştatının Qrinakres şəhərində "Learjet" biznes-jetinin qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin nəqliyyat naziri Şon Daffi "X" sosial şəbəkəsində yazıb.
Nazirin sözlərinə görə, təyyarə Texas ştatının Ostin şəhərindən havaya qalxaraq Baham adalarına istiqamət alıb. Göyərtədə olan 9 nəfərin hamısı həlak olub.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) Nəqliyyat Nazirliyi ilə birgə aviaqəzanın səbəblərini araşdırır.
Bununla yanaşı, hadisə zamanı yerdə olan şəxslər arasında ölən və ya xəsarət alanların olub-olmadığı barədə hələlik məlumat yoxdur.
ABŞ-nin Florida ştatında "Learjet 60" tipli şəxsi təyyarə Palm-Biç dairəsində mobil evlər parkının ərazisində qəzaya uğrayıb.
"Report" "New York Post"a istinadən xəbər verir ki, hadisə bazar günü yerli vaxtla saat 13:00 radələrində (Bakı vaxtı ilə 22:00) Qrinakres şəhərində baş verib.
Nəşrin məlumatına görə, yerli hakimiyyət orqanları çoxsaylı zərərçəkənlərin olduğunu bildiriblər. Lakin onların dəqiq sayı açıqlanmayıb. Hadisə zamanı yerdə olan şəxslər arasında ölən və yaralananların olub-olmadığı da məlum deyil.
İlkin məlumatlara əsasən, təyyarə əvvəlcə ağaca toxunaraq elektrik xətlərini qırıb, daha sonra yaşayış evinə çırpılıb. Toqquşma nəticəsində güclü yanğın baş verib. Təyyarə və mobil ev demək olar ki, tamamilə yanaraq məhv olub.
Hazırda hadisə yerində Palm-Biç dairəsinin yanğınsöndürmə və xilasetmə xidmətinin əməkdaşları çalışırlar. Qəzanın başvermə şəraiti araşdırılır.
Plane crash in Palm Beach County, captured on dashcam https://t.co/YLBXM4p5G6 https://t.co/fcl3xKkiRA
— 𝒟𝒜𝑅𝑅𝐸𝒩 𝐻𝒜𝐿𝐿 (@DarrenHall) November 1, 2026